“Şuşanın işğalı müvəqqətidir”. APA-nın məlumatına görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 22-ci ildönümü ilə əlaqədar keçirilən anım tədbirində çıxışı zamanı deyib.
Ə. Həsənov bildirib ki, Şuşa yerindədir və Azərbaycan ərazisidir: “Ermənilər Şuşaya müvəqqəti olaraq erməniləri yerləşdirərək, orada doğulan uşağın xanəndə və ya hansısa məşhur olacağını düşünürlərsə, səhv edirlər. Orada o havanı udmaq, orada böyümək hələ şuşalı olmaq deyil. Şuşalıların üzündə bir nur var. Ermənilər orda yaşamaqla nurlu olacaqlar? Bunlar hamısı genetik proses və genetik məsələdir. Başqasının evində, yerində yaşamaq necə mümkündür? Şuşanın böyük tarixi var. Şuşa nəinki Azərbaycan, bütün türk dünyası və bəzi müsəlman dövlətlərini çıxmaq şərtilə, bütün müsəlman dünyası üçün müqəddəs şəhərdir”.
Komitə sədri vurğulayıb ki, şuşalılara “məcburi köçkün” ifadəsi yaraşmır: “Çünki bu işğal müvəqqətidir. Bu gün Şuşanın yaddan çıxarılması qeyri-mümkündür. Şuşa 170 il Qarabağın mərkəzi olub. Şuşanın başı bəlalıdır, ona görə ki, dünyanın gözü ordadır. Məndəki məlumata görə, bu gün artıq xarı bülbül də Şuşada yetişmir. Bunun səbəbini bilmirəm. Bəlkə də işğala görə xarı bülbül də yetişmir”.