Fevralın 19-da Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi, millət vəkili Əli Əhmədov partiyanın Masallı rayon təşkilatının fəalları ilə görüşüb. APA-nın cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev siyasi qurum kimi YAP-ın rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatındakı fəal rolundan danışıb.
YAP sədrinin müavini-icra katibi Əli Əhmədov isə çıxışında bu il keçiriləcək prezident seçkilərində YAP üzvlərinin üzərinə mühüm vəzifələrin düşdüyünü, onların hamısının yekdilliklə İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edib:”Məhz İlham Əliyevin prezident kimi 10 illik fəaliyyəti dövründə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında özünə layiqli yer tuta bilib. Bu dövrdə bütün sahələrdə dinamik inkişaf təmin edilib, əhalinin həyat səviyyəsi xeyli yaxşılaşıb. Növbəti 5 ildə də İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müsbət dəyişiliklər baş verəcək”.
Daha sonra Əli Əhmədov YAP Masallı rayon Gənclər Birliyinin üzvləri ilə dəyirmi masa arxasında görüş keçirib. Tədbirdə YAP icra katibi gənclərimizin təhsil alması, işləməsi, istirahət etməsi, onların layiqli vətəndaş kimi yetişməsi üçün hökumət səviyyəsində lazım olan bütün imkan və şəraitin yaradıldığını qeyd edib. Əli Əhmədov həmçinin gənclərin diqqətinə tövsiyələrini də çatdırıb:” Gənclərimiz ölkənin ictimai-siyasi həyatında fəal həyat mövqeyi tutmalı, sosial şəbəkələrdə xüsusi fəallıq nümayiş etdirməli, Azərbaycan reallıqlarını, həqiqəti təhrif edənlərə qarşı ciddi mübarizə aparmalıdırlar”.
Görüşün sonunda Ə.Əhmədov gəncləri maraqlandıran suallara cavab verib.
Qeyd edək ki, hər iki görüşdə YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, millət vəkilləri Cavanşir Paşazadə və Nəriman Əliyev də iştirak ediblər.