Elmar Məmmədyarovdan sərt çıxış
06 may 2014 22:38 (UTC +04:00)

Elmar Məmmədyarovdan sərt çıxış

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyanada Avropa Şurasının Nazirlər Komitəsinin 124-cü sessiyasında çıxış edib.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə,  nazir Elmar Məmmədyarov çıxışında bildirib ki, baş katibin "Avropada insan hüquqlarının vəziyyəti, qanunun aliliyi və demokratiya" üzrə hesabatı hazırkı vəziyyətin ümumi qiymətləndirilməsidir: "Bu, bizim dəstəklədiyimiz yanaşmanı özündə əks etdirir və nöqsanların aradan qaldırılması üçün mümkün vasitələri təklif edir. Buna baxmayaraq, çox diqqətlə nəzərdən keçirilməli hesab etdiyimiz vacib bir məsələni vurğulamağı özümə borc bilirəm. Hesabat Avropa Şurasının həll olunmamış münaqişə zonalarında nəzarət mexanizmlərinin, həmin ərazilərə edilən səfərlərdən sonra hesabatvermə prosedurları vasitəsilə gücləndirilməsinin zəruriliyini vurğulayır. Biz bütün Avropada insan hüquqları standartlarının tam şəkildə tətbiqinin təmin olunmasının əhəmiyyətini və münaqişə zonalarında məskunlaşmış əhalinin müdafiəsinin zəruriliyini anlayırıq. Lakin bu müddəa müvafiq üzv ölkələrin ərazi bütövlüyünə zidd olaraq asanlıqla sui-istifadə və manipulyasiya edilə bilən bir vəziyyətə gətirib çıxara bilər. Məhz bu səbəbdən biz, mürəkkəb həll prosesini daha da çətinləşdirə biləcək bu kimi həssas məsələlərdə son dərəcə ehtiyatlı olmalıyıq".

 

Nazir qeyd edib ki, qonşu Ermənistanın işğalçılıq siyasətindən, davam edən təcavüzündən və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində törədilmiş etnik təmizləmədən əziyyət çəkən dövlət kimi Azərbaycanın möhkəm və qəti mövqeyi ondan ibarətdir ki, Avropa Şurasının nümayəndələrinin və onun monitorinq mexanizmlərinin münaqişə zonalarına səfərləri yalnız aidiyyəti dövlətin açıq-aydın razılığı əsasında həyata keçirilə bilər: "Əks təqdirdə, bu səfərlər beynəlxalq hüququn normaları ilə ziddiyyət təşkil edəcək və qeyri-leqal addım kimi qiymətləndiriləcək".

 

E.Məmmədyarov bildirib ki, Azərbaycan ardıcıl olaraq çoxsaylı demokratik islahatları uğurla həyata keçirərək, Avropa Şurasına daxilolma prosesində üzərinə götürdüyü bütün öhdəlik və tələbləri həyata keçirib: "Əminik ki, yeni qəbul olunmuş və tezliklə, baş katibin Bakıya səfəri zamanı başlanacaq 2014-2016-cı illər üçün Avropa Şurası-Azərbaycan Fəaliyyət Planı, gələcək illərdə Azərbaycanla Avropa Şurası arasında uğurlu əməkdaşlıq üçün əhəmiyyətli alət olacaq".

 

XİN rəhbəri qeyd edib ki, Azərbaycan növbəti 6 ay ərzində Nazirlər Komitəsinə sədrlik edəcək: "Sədrliyimiz müddətində, yarandığı ildən bəri Avropa Şurası məqsədlərinin gələcəkdə inkişaf etdirilməsində əlimizdən gələn səyləri əsirgəməyəcəyik. Bu məqsədlə təqdim edəcəyim sədrlik prioritetlərimizi müəyyən edərkən təşkilatın hazırkı siyasi gündəliyini və üzv dövlətlərin qarşılaşdığı təhdidləri nəzərə almışıq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1535
avatar

Oxşar yazılar