Dünyanın ən böyük gənclər şəbəkəsi “Şuşaya azadlıq” dedi
08 may 2014 14:20 (UTC +04:00)

Dünyanın ən böyük gənclər şəbəkəsi “Şuşaya azadlıq” dedi

Dünyanın ən böyük gənclər təşkilatları şəbəkələrindən biri olan Beynəlxalq Sülh Gənclər Qrupu (BSGQ) “Şuşaya azadlıq” beynəlxalq kampaniyasına dəstək verib. Bu barədə Lent.az-a “Şuşaya azadlıq” beynəlxalq  kampaniyasının işçi qrupunun üzvü, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) sədri Asif Əsgərli məlumat verib. O bildirib ki, təşkilatın rəsmi bəyanatında 1992-ci il mayın 8-nə keçən gecə Şuşa şəhərinin erməni silahlı qüvvələrinin hücumuna məruz qaldığını, qanlı döyüşlərdən sonra şəhərin işğalçılar tərəfindən zəbt olunduğu, işğal nəticəsində Şuşada 36 təhsil müəssisəsinin, 435 mədəni və dini mərkəzin erməni işğalçıları tərəfindən məhv edilməsi qeyd edilib.  

 

Daha sonra bəyanatda deyilir: “Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğal olunmasından 22 il ötür. Dünya ictimaiyyəti Şuşanın işğalına qarşı öz həmrəyliyini "Şuşaya azadlıq" adı altında ifadə edir. BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan ərazisindən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib, ancaq bu günə kimi işğalçı dövlət tərəfindən bu qətnamələrə məhəl qoyulmayıb. İşğal altındakı Azərbaycan ərazilərində tarix-mədəniyyət abidələrinin kütləvi məhvi və saxtalaşdırılması 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına (Hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqında maddə) və 1972-ci ildə UNESCO tərəfindən qəbul olunmuş "Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya" ziddir.

 

Şuşa 22 illik işğal, dağıdılma, iztirab yeridir. Əlinizi uzadın, buna son qoyulsun!”

 

BSGQ 47 ölkədən 130-a yaxın gənclər təşkilatını özündə birləşdirir.

 

“Şuşaya azadlıq” beynəlxalq  kampaniyasına 2 ildir start verilib. Kampaniyanın məqsədi dünya ictimaiyyətinin diqqətini Şuşanın işğalı faktına yönəltmək, orada məhv edilən mədəni abidələrin, tarixin saxtalaşdırlmasının qarşısının alınması, işğalçı dövlətin beynəlxalq hüquq normalarına uyğun şəkildə ərazilərdən geri çəkilməsinə nail olmaqdır.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 566
avatar

Oxşar yazılar