Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) növbəti yığıncağı keçirilib. Lent.az-ın məlumatına görə, yığıncaqda Elşad Musayev (BAP), Əvəz Temirxan (ALP), Tahir Abbaslı (İDP), Fuad Əliyev (ALDP), Əhməd Oruc (Azadlıq Partiyası), Rəşad Bayramov (AMİP), Vaqif Mahmudov(ACP), Bəybala Əbil (KXCP), Həsən Həsənov (AAP), Xanoğlan Əhmədov (Aydınlar Partiyası) və Taliyət Əliyev (ADP) iştirak ediblər.
KXCP Ali Məclisinin sədri Bəybala Əbilin sədrliyi ilə keçirilən yığıncaqda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilib.
Məşvərət Məclisinin (MM) ötən iclaslarda qəbul edilmiş qərarlarının icra vəziyyəti ilə bağlı verilən arayışlar nəzərə alınıb.
MM-də ictimai-siyasi vəziyyət müzakirə edilərək, son vaxtlar Azərbaycan Silahlı Qüvvələrində baş verən əsgər ölümləri, Fransa Milli Assambleyasında (FMA) erməni icması nümayəndələri tərəfindən azərbaycanlı tələbələrin vəhşicəsinə döyülməsi, Qarabağ Forumunun və DQMM Nümayəndələr Palatasının növbəti yığıncaqlarının keçirilməsi ilə bağlı qərarlar qəbul edilib.
MM qəbul edilmiş qərarlara uyğun olaraq, martın 15-də KXCP-nin mənzil-qəragahında, ziyalıların, siyasi partiyalar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Qarabağ Forumunun keçirilməsini məqsədəuyğun hesab edir. Məşvərət Məclisi DQMM Nümayəndələr Palatasının növbəti yığıncağının mart ayının sonunda keçirilməsini qərara alıb.