Prezident İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamla 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına 700,0 (yeddi yüz) manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına 300,0 (üç yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Sərəncamın icrası üçün 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 7,6 milyon) manat ayrılıb.
Maliyyə Nazirliyi həmin vəsaitin Dövlət Sosial Müdafiə Fondunun xüsusi hesabına köçürülməsini təmin, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.