Fevralın 26-da Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə azərbaycanlıların Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı kədərli anlarını yaşadığını diqqətə deyib: “Bizim həyatımız təkcə bayram və xoş hadisələrdən ibarət deyil. Xocalı soyqırımı hər birimizin unutmadığı dəhşətli faciələrdən biridir. Azərbaycan bəstəkarları da xalqımızın şad və kədərli günlərinə hər zaman sadiq qalaraq öz əsərlərində bu anları yaşatmağa çalışıblar. Onlar yaradıcılıqlarında Xocalı mövzusuna müraciət edərək müxtəlif janrlarda əsərlər yaradıblar”.
Tədbirdə beynəlxalq müsabiqə laureatı Ümidə Abbasova (violin) və Bakı Musiqi Akademiyasının tələbəsi Tofiq Şıxıyevin (professor Oqtay Abbasquliyevin sinfi) royalda ifasında F.Şopenin “Matəm marşı”ı, C.Villiamsın “Şindlerin siyahısı” filmindən musiqilər dinlənilib. Həmçinin, mərhum bəstəkar Məmməd Quliyevin “Simfoniya-Rekviyem”in videoyazısı nümayiş olunub.