Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu və proqramlar və xarici əlaqələr departamentinin rəhbəri Nick Nvolisa Birləşmiş Millət Təşkilatı Avropa İqtisadi Komissiyasının (BMT AİK) 65-ci sessiyasında iştirak ediblər. Lent.az-ın məlumatına görə, Cenevrədə Millətlər Sarayında (Palas de Nations) keçirilən mərasimdə BMT AİK-in 2015-ci ildən sonrakı strategiyasının prioritetlərinin müəyyənləşdirilməsi və Davamlı İnkişaf Məqsədləri müzakirə olunub.
Müzakirələrdə davamlı yaşıl iqtisadiyyat, səmərəli sosial inkişaf, davamlı inkişafa münasibətdə iqtisadi aspekt də daxil olmaqla innovativ elm və texnologiyaların rolu, sosial və ətraf mühit faktorları, davamlı inkişafın təmin edilməsində ədalətli effektiv siyasi iradənin istifadəsi kimi məsələlərə toxunulub.
BAMF nümayəndə heyəti 2015-ci il sonrası prosesi, eləcə də davamlı inkişafın balanslaşdırılmış iqtisadi, sosial və ətraf mühit inteqrasiyasının təmin edilməsinin müxtəlif aspektləri ilə bağlı müzakirələri diqqətlə izləyib. Belə ki, artıq BMT regional ofislərinin təşəbbüsü ilə başlayan müxtəlif dialoqlar və BAMF-ın da fəal iştirak edəcəyi bir neçə milli fəaliyyət sahələri müəyyən edilib.
Bununla yanaşı, BAMF nümayəndələri Beynəlxalq Ətraf Mühit Evi binasında Davamlı İnkişaf Uğrunda Şimal Alyansının (ANPED) icraçı direktoru Leyda Riynxut və BMT Ətraf Mühit Proqramı ofisinin regional koordinatoru cənab Vudvosen Asnakenin iştirakı ilə müzakirələr də keçiriblər.
Xatırladaq ki, BAMF BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) xüsusi məşvərətçi statusla üzvü olan qeyri-hökumət təşkilatıdır. Bu, BAMF-a əksər BMT iclasları, sessiyaları və dialoqlarında iştirak etmək, müəyyən hallarda isə proqram bəyanatı ilə çıxış etmək hüququ verir. BAMF medianın inkişafı, qaçqınlar və məcburi köçkünlərlə iş, icmaların inkişafı, sülh quruculuğu və konfliklərin həlli istiqamətləri olmaqla dörd yöndə fəaliyyət göstərir.