Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolu
Dünyada neft hasil edən əsas ölkələr sırasına daxil olan Azərbaycan bu sahədə zəngin tarixə malikdir. Bununla belə, uzun müddət Sovet hakimiyyətinin təzyiqi altında qalan dövlətimiz müstəqillik qazandıqdan sonra ciddi böhranla üzləşmiş və bütün sahələrdə olduğu kimi enerji sahəsində də yeni islahatlara, layihələrə ehtiyac artmışdır. Bununla əlaqədar, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra qarşıya qoyulmuş prioritetlərdən biri düzgün enerji strategiyasının qurulması, dünyanın qabaqcıl ölkələri ilə energetika sahəsində qarşılıqlı-faydalı münasibətlərin yaradılması və dünya enerji məkanında yüksək yerlərdən birini tutmaq idi.
Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dirçələn neft və qaz sənayesi ölkəmizə kapital axınını gücləndirmiş və xarici sərmayə mühitini yaxşılaşdırmışdır. Bunu müasir dövrdə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni layihərə imza atmaqla bu prosesin daha da canlanmasına və ölkəmizin daha çox gəlir əldə edə biləcək layihələrə qoşulmasına imkan yaradır.
Bu layihələrdən biri də Cənub qaz dəhlizi layihəsidir ki, Azərbaycan qazının dünya bazarına nəqli məqsədilə hazırlanmışdır. 20 senytabr 2014-cü il tarixində “Əsrin müqaviləsi”nin 20 illiyi və “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimində “Cənub” qaz dəhlizinin özülünə qoyulacaq ilk borunu imzalamaqla, “Cənub” qaz dəhlizinin bünövrəsi qoyulmuşdur.
Məlum olduğu kimi, 13 fevralda Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü keçirilmişdir. Görüşdə iştirak edən Azərbaycan Prezidenti layihənin Azərbaycanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulamışdır. Həmçinin görüşdə iştirak edən ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Hochstein bu məsələ ilə bağlı qeyd etmişdir ki, layihə Azərbaycan və Avropanın enerji təhlükəsizliyini gücləndirəcəkdir.
Beləliklə, Azərbaycan enerji diplomatiyası vasitəsilə bütövlükdə dünyanın böyük dövlətləri ilə mehriban dostluq münasibətlərini nümayiş etdirir və bu münasibətlər dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. XX əsrdə reallaşan “Əsrin Müqaviləsi”ndən sonra XXI əsrdə davam etdirilən bu layihələr Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas rol oynayan aktorlardan birinə çevirməklə ölkəmizin dünyadakı nüfuzunun və əhəmiyyətinin artmasına şərait yaradır.
Ləman Xəlilova
Azerbaijan Realities
272