Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın bu gün keçirdiyi aksiya ilə bağlı məlumat açıqlayıb.
İdarədən APA-ya verilən məlumata görə, Milli Şuranın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşaraq keçirdiyi mitinqi saat 14.00-dən 15.00-dək davam edib: “Toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, KXCP, El Hərəkatı, eləcə də bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 700 nəfərədək olan üzvü və təəssübkeşi iştirak ediblər”.
BŞBPİ-nin bildirdiyinə görə, aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.
***
Bu gün Milli Şura Bakının Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda mitinq keçirib.
APA-nın xəbərinə görə, mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.
Aksiya Tarif Şurasının bəzi neft məhsullarının və benzinin qiymətində artım olması ilə bağlı qərarına etiraz olaraq keçirilib.
Aksiyanı yazar Şahvələd Çobanoğlu aparıb, AXCP sədri Əli Kərimli, Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, KXCP sədri Mirmahmud Mirəlioğlu, Milli Şuranın sədri Cəmil Həsənli aksiyada çıxış ediblər.
Daha sonra mitinqin qətnaməsi oxunub.
Milli Şurada təmsil olunan “El” Hərəkatının rəhbərliyindən heç kim aksiyada iştirak etməyib.
Aksiyanın təhlükəsizliyinin təmin olunması üçün əraziyə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Aksiya insidentsiz başa çatıb.
Qeyd edək ki, BŞİH aksiya üçün saat 14.00-16.00 arası vaxt ayırsa da, aksiya saat 15.00-da başa çatıb.