Böyük Britaniyada azərbaycanlıların təşəbbüsü ilə “Birlik” jurnalının ilk nömrəsi çap edilib. Lent.az-ın məlumatına görə, Böyük Britaniyada təhsil alan və təhsilini başa vuran məzunlar tərəfindən könüllü olaraq ərsəyə gətirilən azərbaycanca aylıq ictimai-mədəni gənclik qəzeti olan “Bilrik” jurnalı 500 tirajla dərc edilib. Jurnal London Siti, Vestminister, Mançester, Nyukasl, Aberdin və digər universitetlər də daxil olmaqla Böyük Britaniyanın müxtəlif bölgələrindəki 25 ali məktəbə paylanılıb.
“Birlik” qəzetinin ilk nömrəsinin səhifələrində “Xarici pasportu itirdikdə nə etməli?”, “Britaniya xalqlarının mənşəyi”, “Britaniyada sürücülük vəsiqəsi”, “Ah, bu çətin qürbət həyatı”, “Tələbənin mətbəx gündəliyi” və s. adlarda məqalələr dərc olunub.
Uels Universitetinin məzunu Soltan Bayramov “Xaricdə təhsil və gələcək karyera qayğıları” məqaləsində təhsildən sonra tələbələrin qısamüddətli Britaniyada qalıb işləmək və ya birbaşa Azərbaycana qayıtmaq seçimlərini müzakirə edilib. Bundan başqa orada təhsil alan həmyerlilərimiz müxtəlif mövzularda yazılarla çıxış ediblər.
Layihənin əsas hədəfi Böyük Britaniyadakı azərbaycanlı gənclər arasında əlaqələndirməni inkişaf etdirmək, tələbələrin həyatını işıqlandırmaq, Azərbaycanın mədəniyyətinin təbliğatı uğrunda əməkdaşlığı genişləndirmək, təcrübələrin bölüşdürülməsini təmin etmək, istedadlı gəncləri üzə çıxarmaq və yazmağı sevən gənclər üçün yaradıcı meydan qurmaqdır.