Azərbaycanın Vaşinqtondakı səfirliyində maraqlı tədbir
Mayın 3-də "Passport DC 2014" festivalı çərçivəsində ölkəmizin ABŞ-dakı səfirliyi öz qapılarını amerikan vətəndaşları və paytaxt ziyarətçilərinin üzünə açıb. Lent.az-ın məlumatına görə, tədbirdə Vaşinqtonda fəaliyyət göstərən İpək Yolu Rəqs Kompaniyasının (Silk Road Dance Company) ifasında Azərbaycan milli rəqsləri (“Nəlbəki”, “Uzundərə”, “Yallı” və s.), uşaqlar üçün üzdə rəsmlərin çəkilməsi (facepainting), ölkəmizin tarixi, adət ənənəsi və milli mətbəxinin ləziz nümunələri qonaqlara nümayiş olunub.
Hər il Vaşinqtonda keçirilən "Passport DC" festivalının əsas məqsədi Amerika vətəndaşlarını müxtəlif mədəniyyətlərlə tanış etmək, insanların coğrafi biliklərini artırmaq, həmin ölkələrə səyahət etmək istəyini artırmaqdan ibarətdir. Bu il qeyd olunan festivalda 50 ölkənin səfirliyi iştirak edib.
Festivalın qaydasına görə səfirliklər gün ərzində öz qapılarını qonaqlara açır, səfirliklə tanış edir, həmin ölkənin mədəniyyətinə, mətbəxinə, tarixinə dair məlumatı qonaqlarla paylaşırlar.
"Passport DC 2014" festivalında Azərbaycan səfirliyi artıq ikinci ildir ki iştirak edir. Festival təşkilatçılarının dediyinə görə ölkəmizə maraq artmaqda davam edir. Təkcə bu il səfirliyimizi iki minə yaxın insan ziyarət edib. Ölkəmizin zəngin mədəniyyəti və tarixinə valeh olan qonaqlar yaxın zamanda Azərbaycana səfər edəcəklərini bildiriblər.
1014