Hollandiya - Azərbaycan Türk Kültür Dərnəyi Hollandiyada keçirilən və 15 nominasiyada uğurlu fəaliyyətinə görə seçilmiş adamlara, eləcə də qurumlara verilən “Altın Lalə” mükafatına layiq görülüb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Altın Lalə” mükafatı hər il holland və türk əhali arasından seçilmiş
siyasətçi, idmançı, jurnalist, iş adamı və təşkilatlara uğurlu, səmərəli fəaliyyətinə görə təqdim edilir.
Bu dəfə “İlin təşkilatı” mükafatı artıq 20 ildən çoxdur fəaliyyət göstərən
Hollandiya - Azərbaycan Türk Kültür Dərnəyinə verilib. Təqdimat mərasimində çıxış edən Dərnəyin rəhbəri İlhan Aşkın bildirib ki, təşkilat komitəsi qurumun 20 illik fəaliyyətini nəzərə alaraq onları bu mükafata layiq görüb: “Təşkilatımız tərəfindən görülən işlər barədə məlumat alan insanların sayı gündən-günə artır və insanların diqqətini daha çox cəlb edir. Biz də Hollandiya - Azərbaycan Türk Kültür Dərnəyinin İdarə Heyəti və üzvləri olaraq bu münasibətə layiq olmağa, təşkilatımızı Avropada, eləcə də dünyada daha nüfuzlu qurumlar sırasına çıxarmaq üçün əzmlə işləməyə çalışacağıq”.
İlhan Aşkın mükafata görə başda “Altın Lalə” Təşkilat Komitəsinin rəhbəri
Bülent Türker olmaqla hər kəsə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, mükafatın təqdimat mərasimi Haaqa şəhərində Opera Alyans
Salonunda keçirilib.
Mərasimdən əvvəl Soma kömür mədənində baş verən faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.