Azərbaycan Türkiyə istehsalı olan hərbi vertolyotlar alacaq. Lent.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin Aviasiya və Kosmik Sənaye (TAİ) şirkəti Azərbaycan üçün 60 ədəd “T-129 ATAK” tipli hücum vertolyotu istehsal edəcək.
TAİ-nin hərbi vertolyotu bununla bağlı keçirilən tenderdə Cənubi Afrikanın “Ah-2” və Rusiyanın Mi-28 vertolyotlarını geridə qoyub. Türkiyə və İtaliyanın ortaq layihəsi olan “T-129 ATAK” hərbi vertolyotlarının sürəti saatda 300 kilometrə çatır, hər cür hava şəraitində, gecə və gündüz uçuş həyata keçirə bilir. Vertolyot həm də Türkiyə istehsalı olan kompüter sistemi ilə təchiz ediləcək. 60 vertolyot Azərbaycana 3 milyard dollara başa gələcək.