Türkiyəyə rifah adı altında cəhalət gətirmək istəyən Fatih kimdir?
23 oktyabr 2026 14:10 (UTC +04:00)

Türkiyəyə rifah adı altında cəhalət gətirmək istəyən Fatih kimdir?

0

Son dövrlərdə Türkiyənin siyasi səhnəsində radikal ritorikası, əsassız iddiaları və xarici mərkəzlərdən idarə olunan təxribatçı bəyanatları ilə diqqət çəkən fiqurlardan biri də “Yenidən Refah” Partiyasının sədri Fatih Erbakandır. Özünü "ümmətçi" və "ədalət tərəfdarı" kimi qələmə verən bir siyasətçinin Bakı ilə Ankara arasındakı strateji müttəfiqliyə kölgə salan, Azərbaycanın suveren hüquqlarını və dövlət maraqlarını hədəf alan bəyanatları onun əsl mahiyyətini bir daha ortaya qoyur. Azərbaycan Respublikasının suveren qərarına uyğun olaraq ölkəmizdə “persona non grata” (arzuolunmaz şəxs) elan edilməsinə baxmayaraq, aqressivliyini və qərəzli hücumlarını səngitməyən bu şəxsin əsl mahiyyətini anlamaq üçün onun siyasi portretinə daha yaxından nəzər salmaq lazım gəlir.

Bu məqsədlə Faktyoxla Fatih Erbakanın kimliyini araşdırıb.

Fatih Erbakanın Azərbaycanın dövlətçiliyinə, dünyəvi modelinə və Vətən müharibəsindəki tarixi Zəfərinə qarşı səsləndirdiyi aqressiv, qərəzli bəyanatların arxasında dayanan ideoloji və geosiyasi platformanı anlamaq üçün onun digər dövlətlərlə əlaqələrinə diqqət yetirmək vacibdir. Özünü "Türk-İslam qardaşlığının müdafiəçisi" kimi qələmə verən bu siyasətçinin hərəkətləri və ritorikası təhlil olunduqda, onun əslində hansı xarici güc mərkəzinin regional maraqlarına xidmət etdiyi açıq-aşkar ortaya çıxır.

Əslində, Fatih Erbakanın Tehranla bir qədər yaxın olması təsadüfi deyil, bu xətt onun atası, 1996–1997-ci illərdə Türkiyə Respublikasının Baş naziri vəzifəsini icra etmiş Nəcməddin Erbakanın dövründən gələn bir ideoloji mirasdır. Fatih Erbakan İranın "Tasnim" xəbər agentliyinə atasının vəfatının 6-cı ildönümü münasibətilə verdiyi müsahibədə bu bağlılığı belə etiraf etmişdi:

"Erbakan hocamız deyirdi ki, yeni dünya nizamının əsasını Türkiyə və İran qoyacaq. İran gənc və dinamik əhalisi, zəngin neft-qaz ehtiyatları, kosmik tədqiqatları və 2500 illik köklü dövlətçilik ənənəsi olan böyük qonşumuzdur. Hocamız İrana çox böyük dəyər verirdi və Baş nazir kimi ilk xarici səfərini də elə oraya etdi.

“Refah-Yol” hökuməti qurulanda ABŞ səfiri ziyarətə gələrək bildirdi ki, 'Vaşinqtonun dünyaya baxışı sizinlə uyğun gəlmir, amma şərait belə tələb etdiyi üçün işləməyə məcburuq. Bir şərtlə ki, qırmızı xətlərimizi tapdalamayasınız: İrana embarqonu pozmamalı və Çəkic Qüvvəyə toxunmamalısınız'. Erbakan hoça isə bunun tam əksini etdi. İranla böyük enerji müqavilələri bağlandı, ticarətdə dollardan imtina edildi. İraq embarqosu pozuldu, Kərkük-Yumurtalıq boru xətti açıldı və “Çəkic Qüvvə” Türkiyədən qovuldu. Türkiyə və İran sionizmə qarşı vahid cəbhə yaratmaq üçün addımlar atdılar."

Fatih Erbakan İranın "Tasnim" xəbər agentliyinə verdiyi digər müsahibəsində mənsub olduğu ideoloji xəttin Tehrana nə dərəcədə bağlı olduğunu bu sözlərlə etiraf edir:

"Erbakanın Baş nazir kimi ilk xarici səfəri də, vəfatından öncə etdiyi son xarici səfəri də məhz İrana olub. Bu fakt Erbakan hocamızın İrana verdiyi dəyəri göstərmək baxımından son dərəcə mühüm göstəricidir.

O, hər zaman İran dövlətinin sionizmə və 'Böyük İsrail' layihəsinə qarşı nümayiş etdirdiyi prinsipial mövqeyi və şüurlu siyasətini yüksək qiymətləndirirdi. Hər fürsətdə Türkiyə və İran xalqlarının İslam qardaşlığı prinsipi əsasında həmrəy olmasının vacibliyini vurğulayardı. Türkiyə ilə İran arasında siyasi, iqtisadi və hərbi sahələrdə ən üst səviyyədə əməkdaşlığın qurulmasına böyük əhəmiyyət verirdi.

O, Türkiyədəki anti-İran ritorikasının və hərəkətlərinin birbaşa sionizmin planlarına xidmət etdiyini müdafiə edirdi. Onun fikrincə, İran və bütün İslam ölkələri ilə birlikdə bəşəriyyətin bəlası olan ortaq düşmənə - sionizmə qarşı mübarizə aparılmalıdır. Biz də Yenidən Refah Partiyası olaraq Erbakan hocanın xətti ilə, "Milli görüş" zehniyyəti, əzmi və qətiyyəti ilə yolumuza davam edirik".

Göründüyü kimi, Fatih Erbakanın bu gün ortaya qoyduğu ideoloji xətt və Tehran rejiminə rəğbəti təsadüfi deyil, doğrudan da keçmişdən qalan mirasa söykənir. Lakin onun siyasi ambisiyaları yalnız N.Erbakanın ideoloji bəyanatlarını təkrarlamaqla məhdudlaşmırdı. O, bu irsi birbaşa siyasi hakimiyyətə və partiya nəzarətinə çevirmək niyyətində idi.

Bu niyyətləri real siyasətdə gerçəkləşdirmək istəyən Fatih Erbakan 2014-cü ildə Səadət Partiyasının sədrliyinə namizədliyini irəli sürür. Lakin gözlədiyinin əksinə olaraq, seçkilərdə məğlubiyyətə uğrayır. Partiya rəhbərliyini ələ keçirə bilmədikdən sonra o, Erbakan Fondunun rəhbərliyinə keçir. Lakin burada da dinc dayanmayaraq, Fondun imkanlarından istifadə etməklə davamlı şəkildə Səadət Partiyasının daxili işlərinə müdaxilə etməyə, partiya daxilində nifaq yaratmağa başlayır.

2015-ci ildə partiya rəhbərliyi onun millət vəkilliyinə namizədliyini nəinki irəli sürmür, hətta atasının irsinə və adına kölgə saldığı üçün adı "qara siyahı"ya daxil edilir.

Bu qərardan qəzəblənən Fatih Erbakan partiyanın mərkəzi qərargahına üz tutaraq ərköyün uşaq kimi böyük qalmaqal çıxarır, dava salır.

2017-ci ildə Fatih Erbakan Səadət Partiyasını məhkəməyə verərək, öz şəxsi mülkü hesab etdiyi partiya binasının boşaldılması barədə iddia qaldırır və istəyinə nail olur. Nəticədə, 2019-cu ildə Səadət Partiyası həmin binadan məcburi qaydada çıxarıldı.

O dövrdə partiyanın əsas funksionerlərindən olan, hazırda isə Səadət Partiyasının sədri vəzifəsini tutan Mahmud Arıkan Fatih Erbakanın bu hərəkətini "xəyanət" adlandırmışdı.

Həmin dövrdə baş vermiş bir hadisə də diqqət yayınmamalıdır. Belə ki, 2015-ci ildə "Nəcməddin Erbakan Fondu"nun təşkilatçılığı ilə keçmiş baş nazirin vəfatının 4-cü ildönümü münasibətilə Bursada keçirilən anım mərasiminə gələnlər arasında diqqətçəkən bir sima var idi: İranın keçmiş prezidenti Mahmud Əhmədinejad.

Fondun sədri Fatih Erbakan və heyəti ilə birlikdə Ulu Cümə məscidində namaz qılan Əhmədinejad, daha sonra Merinos “Atatürk Konqres və Mədəniyyət Mərkəzi”ndə təşkil olunan tədbirə qatılmışdı. Məhz həmin çıxış zamanı zalda olan 7 gənc gərginliyə dözməyərək kürsüdəki Əhmədinejada etiraz etmiş və İran əleyhinə plakatlar açmağa cəhd göstərmişdilər.

Burda bir önəmli məqam da var: cəmiyyət onu atası ilə müqayisə edəndə ciddi bir boşluq görür. Çünki onun siyasi xarakteri yoxdur və heç bir dövlət və ya yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifələrdə çalışmayıb, amma F.Erbakan əsassız və mənasız iddiasından da əl çəkmir. 10haber.net

2024-cü ildə keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilər ərəfəsində Türkiyənin aparıcı rəy sorğusu və analiz mərkəzləri Fatih Erbakanla bağlı seçicilərin nəbzini yoxlamışdılar. Tədqiqatlara qatılan seçicilərin böyük əksəriyyəti bildirirdi ki, bu şəxs mühafizəkar kəsimin ən vacib siyasi fiqurlarından birinə çevrilə bilərdi, lakin real liderlik qabiliyyətinin olmaması səbəbindən bu fürsəti əldən verdi. yeniakit

"Erbakan dindar elektoratı qıcıqlandırdı" deyən seçicilər onun ən böyük probleminin səbirsizlik olduğunu vurğulamışdılar. Ərdoğanın ətrafındakı mühafizəkar elektoratın birliyini pozan Erbakanın 2014–2016-cı illərdə Əhməd Davudoğlunun etdiyi səhvləri eynilə təkrarladığını xatırladan ekspertlər, onun çox yaxın gələcəkdə Türkiyənin siyasi səhnəsindən silinəcəyini proqnozlaşdırırlar.

Siyasi təhlilçilər həmçinin qeyd edirlər ki, bu insanın özünəməxsus, sabit bir fikri və ideoloji mövqeyi yoxdur. Atasının "Milli görüş" xəttini layiqincə təmsil edə bilmədiyini deyən müşahidəçilərin fikrincə, o, özünə xüsusi siyasi dəst-xətt qurmaq əvəzinə, "təqaüdlər" və "küçə itləri" kimi artıq Türkiyə siyasətində şablonlaşmış mövzular üzərindən populizm edir. Hazırda cəmiyyətdə hakim olan ümumi rəyə görə, bu şəxs müstəqil siyasi baxış ortaya qoymaqdan ziyadə, ancaq hakim partiyanın boşluqlarını axtarmaq və onu məhz həmin zəif nöqtələrdən vurmaqla məşğuldur.

Bu hadisələrə paralel xətdə İran hakimiyyəti ilə sıx və xüsusi münasibətlərə malik olduğunu sübut edən hadisələr baş verirdi. Burada bir məqamı qeyd edək ki, analitiklər və təhlükəsizlik ekspertləri hər zaman bir vacib fərqi xüsusi olaraq vurğulayırlar: Nəcməddin Erbakanın dövründə İranın xüsusi xidmət orqanları və diplomatik korpusu Refah partiyasının daxili işlərinə bu dərəcədə nüfuz edə, onu daxildən idarə edə bilmirdi. Məhz diplomatik manevrləri və sərt siyasi gedişləri ilə seçilən N.Erbakan Tehranda müstəqil və ciddi bir siyasi xadim kimi qəbul olunurdu. Fatih Erbakanın dövründə isə bu sərhədlər tamamilə silindi.

Misal üçün, İranın Ankaradakı səfirləri və hərbi ataşeləri Fatih Erbakanı tez-tez partiya qərargahında ziyarət edirlər.

Yenidən Refah Partiyasının rəsmi internet resursunda dərc olunan başqa bir yazıda isə açıq-aşkar belə bir tezis irəli sürülür: "İranın gələcəyi Türkiyə, Türkiyənin gələcəyi isə İrandır!"

Həmin xəbərdə İranın Ankaradakı səfiri Məhəmməd Farazmandın və onu müşayiət edən nümayəndə heyətinin partiya qərargahında Fatih Erbakanı ziyarət etdiyi bildirilir. Görüş zamanı Fatih Erbakan atası Nəcməddin Erbakanın Baş nazir seçildikdən sonra ilk xarici səfərini məhz İrana etdiyini fəxrlə xatırladaraq, Tehran nümayəndələrini qəbul etməkdən şərəf duyduğunu vurğulamışdı.

Səfirlə görüşdə Fatih Erbakan Tehran rejimini müdafiə edən və Türkiyənin xarici siyasət kursunu hədəf alan qalmaqallı bəyanatlarına davam edərək demişdi:

"Millətimiz Erbakanın vəfatından sonra onun ölkəmiz və regionumuzla bağlı verdiyi proqnozların nə qədər doğru olduğunu gördü. Mərhum hocamız kimi biz də bəyan edirik ki, G-20, Avropa İttifaqı, ABŞ və ümumən Qərb sevdası ölkəmizə heç bir xeyir gətirməyib. Biz bunu 'Türkiyənin 70 illik qarşılıqsız sevgisi' adlandırırıq. Bu 70 ilin sonunda gördük ki, ABŞ cənub-şərq sərhədlərimizdəki terror təşkilatını minlərlə tır dolusu silahla təchiz edir, Aİ isə cəmiyyətimizin dəyərlərinə zidd qanunlar diktə edərək bizi qapısında gözlədir.

Bütün bu baş verənlər Erbakanın 'İslam dünyası birləşməli və birgə hərəkət etməlidir' tezisinin nə qədər həyati olduğunu göstərir. Qərbpərəst dairələr İranla razılaşmadığımız məsələləri qabardaraq diqqəti yayındırmağa çalışırlar. İstəyirlər ki, 10 məsələdən 9-da razılaşmadığımız Qərbə tərəf dönək və İrana arxa çevirək. İndiyə qədər sionizmin nəzarətində olan ABŞ-ın quyruğunda getdik, nə qazandıq?! Şeytan ordusunun arxasınca qaçmalıyıq?! İslam dünyası niyə hələ də pərakəndədir?! Müsəlmanlar birləşə bilmədiyi üçün bu qədər böyük itkilər verdik. Bir daha təkrar edirəm: İranın gələcəyi Türkiyədə, Türkiyənin gələcəyi isə İrandadır. İrana bir şey olsa, Türkiyə ayaq üstə qala bilməz, Türkiyəyə bir şey olsa, İran dayana bilməz!"

F.Erbakan fevralın 28-də İran, ABŞ və İsrail arasındakı gərginliyi pisləyərək bunu Tehran rejiminə qarşı "mənəvi və siyasi təxribat" adlandırmışdı.

Yenidən Refah Partiyasının sədri bu ilin 14 iyul tarixində İran İslam Respublikasının Ali Dini Lideri Əli Xamneyinin dəfn mərasimində şəxsən qatılaraq Tehran rejiminə sadiqliyini nümayiş etdirmişdi.

Qeyd edək ki, bir neçə il öncə Türkiyə–İsrail münasibətlərinin normallaşması prosesinə kəskin etiraz edənlərdən biri də Fatih Erbakan olmuşdu. İranın rəsmi İRNA xəbər agentliyinin hazırladığı məqalədə bildirilir ki, Yenidən Refah Partiyasının sədri Kahramanmaraşda qatıldığı tədbirdə Türkiyə hökumətinin İsrailə qarşı yürütdüyü siyasəti sərt şəkildə tənqid edib.

Erbakan çıxışında Ankara-Tel-Əviv diplomatik yaxınlaşmasını hədəf alaraq demişdi:

"Elə bir həddə gəliblər ki, vaxtilə 'One minute' hadisəsindən seçki təbliğatında məharətlə istifadə edənlər, indi qadın və uşaq demədən soyqırımı davam etdirən terrorçu İsrailə səfir və konsul təyin edirlər. Əgər İsrailin qatil olduğunu, uşaqları necə qətlə yetirdiyini yaxşı bilirdinizsə, onda münasibətləri bərpa edəcəkdinizsə, zamanında “one minute” deyib niyə haray salırdınız?!"

Erbakanın xarici mediası tərəfindən geniş işıqlandırılan bu cür populist bəyanatları, onun həm Türkiyənin regional diplomatik manevrlərinə, həm də Azərbaycanın İsrail ilə strateji tərəfdaşlıq kursuna qarşı eyni ideoloji platformadan - Tehrana yaxın radikal ritorikadan çıxış etdiyini bir daha göstərir.

Bütün bu faktlar Fatih Erbakanın təkcə ideoloji baxımdan xarici mərkəzlərə bağlılığını deyil, həm də müstəqil siyasi təfəkkürdən məhrum olduğunu göstərir. Lakin onun dövlətçilik maraqlarına zidd olan bu fəaliyyətinin kökləri daha dərinlərə – şəxsi keyfiyyətlərinə, gənclik illərindən formalaşan narsistik xarakterinə və maliyyə skandalları ilə dolu keçmişinə dayanır. Bu şəxsin əsl kimliyini anlamaq üçün onun hələ siyasətə gəlməzdən əvvəlki həyat trayektoriyasına və adının hallandığı qalmaqallara göz gəzdirmək kifayətdir.

Əvvəla, qeyd edək ki, Fatih Erbakanın adı 90-cı illərin sonlarından etibarən Türkiyə mətbuatında tez-tez hallanmağa başlayıb. Dəbli geyimləri, arxaya daradığı hamar saçları, bahalı idman avtomobillərinə və yüksək sürətə olan həddindən artıq meyli onun necə mühitdə böyüdüyünü və necə bir narsistik xarakterə sahib olduğunu aydın göstərir.

Türkiyə mənbələrinin yazdığına görə, onun 1997-ci ildə törətdiyi yol qəzasının üstü çox sürətlə ört-basdır edildi. Sükan arxasında həqiqətən onun, yoxsa başqasının olması uzun müddət ictimaiyyət üçün qaranlıq qaldı. Həmin vaxt sürücülük vəsiqəsinin olmaması cəmiyyətdə ciddi müzakirələr doğurduğu üçün məsuliyyəti atasının mühafizəçisinin üzərinə atıb məsələni qapatdılar.

Bu qəzadan az sonra anası Nərmin xanımın ona son model idman avtomobili alması isə mətbuatda böyük səs-küy yaratdı. İstifadə etdiyi tünd-göy rəngli, ikiqapılı maşın günlərlə gündəmdən düşmədi. O illərdə qəzetlərin manşetini bəzəyən "Şəhərdə 220 km/saat sürət mənə bəs eləmir, inşallah, daha lüks maşınlar alacağam ki, camaat paxıllıqdan partlasın" sözləri Fatih Erbakanın psixoloji durumunun və xarakterinin hələ o dövrdən formalaşdığını aşkar şəkildə üzə çıxarırdı. sabah

2002-ci ildə ata Erbakan var-dövlətini bəyan edərkən "Mən cəmi üç milyon lirə təqaüdlə yaşayıram" desə də, çox keçmədən Fatih Erbakan üçün 270 min Alman markası dəyərində "Mercedes 500 CL" alınması diqqətlərdən yayınmadı. 

Elə həmin ilin yayında onun o dövrün qiymətləri ilə təxminən 500 min lirəlik İtaliya istehsalı lüks yaxta alması da böyük rezonans doğurdu. 11,7 metr uzunluğunda olan bu yaxta 6 otaqdan ibarət idi.   

Bəs bu dəbdəbəli həyatın maliyyə mənbəyi haradan idi?

2011-ci ildə Səadət Partiyasında o dövr üçün heç də adi sayılmayan ciddi bir qalmaqal baş verdi. Partiyanın ikinci şəxsi Oğuzxan Asiltürk partiya daxilində toplanan və "cihad vəsaiti" adlandırılan pulların Nəcməddin Erbakanın övladları tərəfindən mənimsənildiyini partiyanın Bursa konfransında açıqlamışdı.

Erbakanın vəfatından sonra onun övladları arasında əmlak və miras davası alovlandı. 2012-ci ildə başlayan məhkəmə çəkişməsi 2014-cü ildə yekunlaşsa da, tərəflər arasında narazılıq səngiməyib.

2017-ci ildə Erbakanın qızı Zeynəb Erbakan bacı-qardaşına qarşı yenidən məhkəmə iddiası qaldırır.

Birinci məhkəmə çəkişməsində tərəflər öz aralarında anlaşıb razılığa gəlsələr də, ikinci prosesin nə ilə nəticələndiyi barədə mətbuatda heç bir məlumat yoxdur.

Bu adamın müstəqil siyasi yolunun olmamasının və tamamilə diletant bir fiqur olmasının ən bariz sübutu elə pandemiya dövründə verdiyi cəfəng bəyanatlar idi.

Həmin vaxt mediaya müsahibə verən Fatih Erbakan peyvənd olunmuş valideynlərin uşaqlarının quyruqlu, bədənləri tüklü, üçqollu və beşayaqlı doğulduğunu iddia etmişdi. O, hətta bu absurd iddiasını bütün ölkəyə nümayiş etdirdiyi bəzi fotoşəkillərlə "sübut" etməyə də cəhd göstərmişdi.

Həmin dövrdə dəhşət və təəccüb doğuran bu şəkillərin çox keçmədən internetdə satılan adi fotomontaj nümunələri olduğu ortaya çıxdı.

Belə ki, bu "siyasətçinin" bütün dünyaya real sübut kimi təqdim etdiyi quyruqlu körpə fotosunun Lari Danstan adlı rəssama aid olduğu və internetdə cəmi 44 dollara satıldığı bəlli oldu. Üstəlik, həmin rəssam təkcə quyruqlu uşaq deyil, tülkübaşlı insan, onbarmaqlı əl kimi bir-birindən absurd sürreal fotolar çəkib satan biri idi. Erbakan özünü bu cür ucuz yalanlara inandıra bilər, lakin ağlı başında olan istənilən insan həmin şəkilləri "Google"da sadə bir axtarışla tapıb həqiqəti üzə çıxara bilərdi.  

Bir-biri ilə heç bir əlaqəsi olmayan bu cür montaj və uydurma şəkilləri mətbuat konfransında media nümayəndələrinə böyük tapıntı edibmiş kimi təqdim edən bir şəxsin siyasi reputasiyasının və savadının hansı səviyyədə olduğunu müəyyən etmək çətinlik yaratmamalıdır.

Sonda isə aydın görünən bir həqiqət var: Fatih Erbakan nə atası Nəcməddin Erbakanın siyasi çəkisini, nə də "Milli görüş" fəlsəfəsinin əsl mahiyyətini daşıya bilən bir siyasi figurdur. O, şəxsi ambisiyaları, maliyyə qalmaqalları və diletant iddiaları ilə həm Türkiyənin daxili siyasətində tənəzzülə uğrayan, həm də xarici havadarlarının sifarişi ilə hərəkət edən manqurtdan başqa bir şey deyil. Türkiyə-Azərbaycan qardaşlığı bu cür ucuz populistlərin və Tehran mərkəzli təxribatçıların çirkli oyunlarından çox ucadadır və tarix bir daha sübut etdi ki, boş iddialarla səhnəni zəbt etməyə çalışanlar gec-tez siyasi səhnənin arxivinə gömülməyə məhkumdurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar