Fevralın 25-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XVI iclasının iştirakçılarını qəbul edib.
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, prezident İlham Əliyev MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının növbəti iclasının uğurlu keçəcəyinə əminliyini ifadə edib. Dövlət başçısı bu cür tədbirlərin dost ölkələr arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən informasiya siyasəti və informasiya təhlükəsizliyi sahələrində əməkdaşlığın genişlənməsi istiqamətində önəmli hadisə kimi dəyərləndirib.
Dünyada və cəmiyyətdə kütləvi informasiya vasitələrinin rolunun daim artdığını obyektiv proses kimi dəyərləndirən Prezident İlham Əliyev bununla əlaqədar dost ölkələrin informasiya agentlikləri arasında fəal əməkdaşlığın, həm gerçəkliklərin obyektiv işıqlandırılması, həm də təcrübə və informasiya mübadiləsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini deyib.
MDB-nin üzvü olan ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının - MDB İnformasiya Şurasının sədri, İTAR-TASS-ın kollegiya sədri Vitali İqnatenko Azərbaycanda KİV-in və İKT-nin sürətli inkişafını xüsusi vurğulayıb və ölkəmizin kosmik kluba üzv olması münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
İTAR-TASS informasiya agentliyinin baş direktoru Sergey Mixaylov informasiya agentlikləri arasında əməkdaşlığın bütövlükdə həmin ölkələr arasında olan münasibətlərin bir göstəricisi kimi dəyərləndirib. O, prezident İlham Əliyevə görüş iştirakçıları adından xatirə hədiyyəsi təqdim edib.
İTAR-TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman Bakıda keçirilən növbəti iclasın uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.