Tarixi tədqiqatlar təsdiqləyir ki, Azərbaycan bəşər sivilizasiyasının ilk meydana gəldiyi ərazilərində yerləşir. Təbii coğrafi mövqe və həyat şəraitinin təmini üçün zəruri mühitin olması nəticəsidir ki, bu yerlər ilk insan məskənləri kimi tarixə yazılıb. Mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu bir məkanda yerləşən Azərbaycan Qərblə Şərq arasında körpü rolunu oynayır. Bu isə Respublikamızda qədim və zəngin mədəniyyətlərin öz izini salmasına, multikulturalizmin hakim olduğu ideal cəmiyyətlərdən birinə çevrilməsinə gətirib çıxarmışdır. Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz parçasıdır. Təsadüfi deyildir ki, dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Bu gün müasir Azərbaycan özündə Qərb və Şərq dəyərlərini cəmləşdirməklə tolerantlıq, sülhsevərlik ənənələrinə sadiqdir. Müair Azərbaycan dinamik inkişaf edən, yenilikləri qəbul etmək mənimsəmək iqtidarında olan bir ölkədir. Azərbaycan mədəniyyəti məhz bu amillərin vəhdətindən doğaraq zəngin bəşəri dəyərləri və milli xüsusiyyətləri ehtiva etmişdir.
Azərbaycanın zəngin mədəniyyət, incəsənət tarixinin beynəlxalq arenada tanınmasında Heydər Əliyev Fondunun fəaliyyəti əvəzolunmazdır. Fond tərəfindən həyata keçirilən irimiqyaslı layihələr məhz Azərbaycanın mədəniyyəti, tarixi haqqında dolğun informasiyanın çatdırılmasına, Azərbaycanın əsrararəngiz mədəniyyət tarixinin dünya mədəni irsinə verdiyi töhfələrin vurğulanmasına xidmət edir. Bu baxımdan Fondun Azərbaycanın zəngin mədəni tarixi, incəsənəti haqqında geniş əhatəli təsəvvürlərin yaradılmasına imkan verən “Azərbaycan mədəniyyət günləri” layihəsi xüsusi diqqətə layiqdir. Dünyanın qədim mədəniyyət mərkəzlərində reallaşan layihə çərçivəsində Azərbaycan mədəniyyəti tarixilik və müasirliyin vəhdətindən çıxış etməklə nümayiş etdirilir. 4 iyul tarixində Fransanın qədim mədəniyyət və incəsənət məkanlarından biri olan Kannda reallaşan layihə Azərbaycan mədəniyyət tarixinin tanınmasında mühüm əhəmiyyət kəsb edir. Layihənin nəinki Fransanın, həmçinin dünyanın mədəniyyət beşiklərindən biri hesab olunan Kann şəhərində həyata keçirilməsi isə xüsusi önəm daşıyır. İndiyədək Fransanın müxatəlif region və şəhərlərində baş tutan Heydər Əliyev Fondunun bu layihəsi Fransa ilə Azərbaycan arasında yalnız mədəni sahədə deyil, həmçinin siyasi sahədə də əlaqələrin sürətli inkişafına təkanverici amillərdəndir.Tədbir ölkəmizin özünəməxsus mədəniyyətinin olduğunu, Azərbaycan mədəniyyətinin qədim tarixə dayandığını bir daha təsdiqləyir. Mədəniyyət günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Azərbaycan, ingilis, fransız dillərində hazırlanan xüsusi nəşrlər özündə Azərbaycanın zəngin mədəni irsi, qədim və müasir Azərbaycan barədə geniş məlumatları əks etdirir.
Ümumilikdə isə həyata keçirilən beynəlxalq miqyaslı hər bir layihə məhz Azərbaycanın bəşər sivilizasiyasının mədəni mərkəzlərindən biri olduğunun təsdiqinə xidmət edir. Fondun tədbirləri nəticəsində alınan xoş təəssüratlar, Azərbaycan mədəniyyətinə, incəsənətinə olan maraq bu missiyanın uğurla yerinə yetirildiyini təsdiq edir. Azərbaycan tarixiliklə müasirliyin mükəmməl şəkildə sintezini formalaşdıran mədəniyyətə sahibdir.
Nailə Məmmədova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı