Martın 8-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Frankfurtda “Avropada Azərbaycan diasporu: yeni dövrün şərtləri və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Avropada Azərbaycan diasporunun fəaliyyəti, qarşılaşdığı problemlər, Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması istiqamətində görüləcək tədbirlərlə bağlı geniş müzakirələr aparılıb.
Komitənin sədri Nazim İbrahimov çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyələrinə uyğun olaraq diasporumuzun öz fəaliyyətini hücum taktikası əsasında qurduğunu bildirib. O, ötən müddətdə Azərbaycan diasporunun bir çox istiqamətlərdə mühüm uğurlara imza atdığını qeyd edib.
Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Bahəddin Kaya çıxışında Avropada yaşayan azərbaycanlıların diaspor quruculuğu prosesində iştirakı haqqında danışıb.
Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev çıxış edərək, rəhbərlik etdiyi təşkilatın gördüyü işlər haqqında məlumat verib.
Norveç Azərbaycan Gənclər Təşkilatının (NAYO) sədri Ramil Əliyev Norveçdə Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, dövlət qurumları, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq əlaqələri haqqında danışıb.
Danimarkadakı “Vətən” cəmiyyətinin sədri Səfər Sadiqi Danimarkada Azərbaycan diasporunun son illərdə fəallaşdığını, bir sıra uğurlu layihələrə imza atdığını diqqətə çatdırıb.
Görüşdə həmçinin Fransa Milli Assambleyasının binasında Azərbaycan diasporunun fəallarının hücuma məruz qalması faktı da ətraflı müzakirə olunub. Fransa Milli Assambleyasına müraciət edilib.
Sonda Avropa Azərbaycanlıları Konqresinin bəyanatı qəbul olunub.