Şura sədri iki dövlətin vətəndaş cəmiyyəti qurumları arasında əlaqələrin inkişaf etdirilməsi üçün birgə işçi qrupunun yaradılmasını təklif edib
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin rəhbərliyi ilə Türkiyədə səfərdə olan nümayəndə heyəti Ankarada bir sıra dövlət və hökumət rəsmiləri ilə görüşlər keçirib.
Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ilk görüş Türkiyənin daxili işlər naziri Muammer Gülerlə keçirilib.
Vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətini önəmli sayan Muammer Güler ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələrindən danışıb, Xocalı soyqırımının 21-ci ildönümünün Türkiyədə də yüksək səviyyədə anıldığını, Dağlıq Qarabağ probleminin həllində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu söyləyib. Güclü vətəndaş cəmiyyətinin mövcudluğunun güclü dövlətin əsas təməl şərtlərindən olduğunu qeyd edən daxili işlər naziri iki dövlət arasında əməkdaşlığın yüksək səviyyədə olmasına baxmayaraq, vətəndaş cəmiyyəti institutlarının əlaqələrinin hələ zəif olduğunu və bunun inkişaf etdirilməsinin vacibliyini bildirib. Azay Quliyev isə iki dövlətin vətəndaş cəmiyyəti qurumları arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün birgə işçi qrupunun yaradılmasını zəruri sayıb.
Türkiyə Daxili İşlər Nazirliyinin müşaviri Necmeddin Kılıc və Türkiyə Dərnəklər Dairəsi başqanı Mustafa Yardımçı ilə keçirilən görüşdə dövlət-QHT münasibətləri, QHT-lərin fəaliyyətinin hüquqi əsasları, QHT-lərə dövlət dəstəyinin forma və mexanizmləri haqqında danışılıb. Eyni zamanda Türkiyə və Azərbaycan vətəndaş cəmiyyəti qurumları arasında əlaqələrin yaranmasında və inkişafında, təcrübə mübadiləsinin aparılmasında belə görüşlərin əhəmiyyəti vurğulanıb.
Növbəti görüş Türkiyə Cümhuriyyətinin Nazirlər Kabinetinin vəqflər baş müdiri Ertem Adnanla keçirilib. Görüş zamanı Türkiyədə vəqflərin tarixi, qurulma prinsipləri və fəaliyyəti haqqında geniş məlumat verilib. Azay Quliyev bu sahədə Türkiyənin böyük təcrübəyə malik olduğunu bildirib, bu təcrübənin öyrənilməsi, təşviqi, tətbiqi, eyni zamanda iki qurum arasında qarşılıqlı əməkdaşlığın qurulması üçün birgə işçi qrupların yaradılmasını vacib hesab edib. Bu sahədə əldə olunmuş razılıq əsasında aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.
Nümayəndə heyətinin görüşləri davam edir.