“Dağlıq Qarabağ münaqişəsinin həllinin ən yaxşı şansı prezidentlərin görüşlərini davam etdirməsi və problemin konkret həlli yollarını müzakirə etməsidir”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.
Azərbaycan və Ermənistan prezidentlərinin noyabrda Vyanada keçirilən görüşünü alqışlayan səfir bildirib ki, bu, çox yaxşı və konstruktiv görüş olub: “ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi nizamlama prosesində vasitəçilik səylərini davam etdirməlidir. Real sıçrayışın nə vaxt baş verəcəyini demək çətindir. Amma düşünürəm ki, prezidentlərin görüşü pozitiv faktdır”.
Riçard Morninqstar Ukraynada baş verən hadisələrin digər ölkələrə necə təsir göstərəcəyi haqda sualı belə cavablandırıb: “Əlbəttə, nəsə demək çətindir. Əgər Azərbaycandan söhbət gedirsə, bizim mövqeyimiz belədir - Azərbaycan suveren və müstəqil ölkədir və kənardan hansısa ölkənin təzyiqi olmadan nə etmək, hansı istiqamətdə hərəkət etmək barədə qərarları özü verir”.