ABŞ Konqresində “Avrasiyada hərbiləşdirilmiş islam təhlükəsi” mövzusunda dinləmələr keçirilib
Nümayəndələr Palatasının xarici işlər komitəsində “Avrasiyada hərbiləşdirilmiş islam təhlükəsi” mövzusunda dinləmələr keçirilib. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, dinləmələrdə “İrs” Fondunun eksperti Ariel Koen, Ceymstaun Fondunun tədqiqatçısı Ceykob Zenn, CLİ Solutions şirkətinin məsləhətçisi Natan Barrik və Amerika ordu Kollecinin professoru Steven Blank, ABŞ Dövlət Departamentinin nümayəndələri iştirak ediblər.
Ariel Koen Amerika hökumətinə Azərbaycan və Gürcüstanla gerçəkləşdirilən antiterror proqramını genişləndirməyi, həmçinin bu ölkələrə Rusiya ilə sərhədləri möhkəmlətməkdə kömək etməyi təklif edib.
Steven Blank Azərbaycanda daxili və xarici situasiyanı şərh edib. O, İrandan qaynaqlanan təhlükəni “qeyri-intensiv, lakin Azərbaycana qarşı ardıcıl və uzunmüddətli təxribat, terrorçuluq və təhdid kampaniyası” kimi xarakterizə edib: “Azərbaycanın coğrafi mövqeyindən və enerji ehtiyatlarında qaynaqlanan təhlükəsizliyi ABŞ-ın həyati əhəmiyyətli maraqları dairəsinə daxildir və bu, məhz belə qəbul olunmalıdır”.