ABŞ-ın bir ştatı da soyqırımı tanıdı
04 aprel 2013 13:17 (UTC +04:00)

ABŞ-ın bir ştatı da soyqırımı tanıdı

ABŞ-ın Ayova ştatının qanunverici orqanı Nümayəndələr Palatasında 31 Mart Azərbaycanlıların Soyqırımının 95 illiyini və Azərbaycanın anım gününü tanıyan qətnamə qəbul edilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Pax Turcica İnstitutunun  həyata keçirdiyi illik məlumatlandırma kampaniyası nəticəsində ABŞ-ın Ayova ştatının qanunverici orqanının nümayəndəsi David Jacoby və Senator Robert Dvorsky 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törədilmiş soyqırımın 95 illiyinin qeyd olunması bəyanatı ilə çıxış edib.

Qanunverici orqanın nümayəndəsi tərəfindən  imzalanmış bəyannamə Azərbaycan-Amerika Şurasının (AAŞ) Ayova nümayəndəliyinə təqdim edilib. Bəyannamədə qeyd edilir ki, 1918-ci il martın 30-dan aprel 3-dək Erməni İnqilabi Federasiyasının (Daşnak Partiyası) silahlı qrupları bolşeviklərin dəstəyi ilə Bakıda və Azərbaycanın digər şəhərlərində  20.000 azərbaycanlını və digər  müsəlman xalqlarının nümayəndələrini vəhşicəsinə qətlə yetirib. Bu faciə Qafqaz və Anadoluda böyük bir dövlət yaratmaq istəyən erməni millətçiləri tərəfindən həyata keçirilmiş kütləvi qırğınların bir hissəsi idi. Qətliamlar zamanı bir milyon azərbaycanlı və 2,5 milyona yaxın türk, kürd, digər müsəlman olan digər millətlər soyqırımına məruz qalıb və ya 20-ci əsr boyu öz torpaqlarından deportasiyaya uğrayıblar.

Qeyd edək ki, 2012-ci ildə Nyu-York Senatı 31 Mart Azərbaycanlıların Soyqırımını ilk dəfə qanunverici orqan səviyyəsində tanıyıb  və qətnamə qəbul edib. Bu ilin martında isə Nyu-Cersi Ştatının Baş Assambleyası Azərbaycan soyqırımının tanınması və 31 martın anım günü kimi qeyd edilməsi haqda qətnamə qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 804
avatar

Oxşar yazılar