ABŞ-dakı yəhudi icmasının ən nüfuzlu təşkilatlarından biri sayılan Amerikan İsrail İctimai İşlər Komitəsinin (American Israel Public Affairs Committee - AIPAC) yanvarın 28-də Florida ştatının Mayami şəhərində baş tutmuş regional toplantısının əsas natiqi Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov olub. Lent.az-ın məlumatına görə, o, 500 nəfərlik auditoriya qarşısında təqdim etdiyi məruzədə səfir ilk növbədə Azərbaycanı dünya xəritəsində strateji əhəmiyyətə malik mühüm məkanlardan biri edən əsas amillər üzərində dayanıb və aralarında ABŞ konqresinin üzvləri, eləcə də yerli hakimiyyət orqanlarının nümayəndələrinin olduğu çoxsaylı iştirakçılara ölkəmizin dünya birliyində qazandığı yerdən söz açıb.
E. Süleymanov bu mənada Azərbaycanda dərin köklər salmış tolerantlıq mühitindən bəhs etmiş və müxtəlif etnik və dini qruplara mənsub insanların ölkəmizdə sarsılmaz bir vəhdət içərisində yaşadığını vurğulayıb. Səfir o cümlədən, əsrlər boyu Azərbaycanda məskunlaşmış yəhudi icmasının yerli cəmiyyətdən seçilmədən, rahat və təhlükəsizlik bir şəraitdə həyat sürdüyünü qeyd edib.
Səfir bu gün də ölkəmizdə dünyəvi və mütərəqqi dəyərləri təcəssüm etdirən tolerantlıq mühitinin möhkəmləndirilməsinin Azərbaycan rəhbərliyinin prioritet kimi müəyyən etdiyi sahələrin ön sırasında gəldiyini deyib və bu yanaşmanın özlüyündə ekstremizmə qarşı mübarizənin effektiv bir elementi olduğunu açıqlayıb.
Daha sonra dünyada və regionumuzda gedən proseslərə toxunmuş səfir həmçinin ABŞ və İsrail ilə qurulmuş ikitərəfli tərəfdaşlıq və məhsuldar əməkdaşlıq barədə fikirlərini bölüşüb. AİPAC nümayəndələri öz növbələrində xüsusilə müsəlman dünyasında Azərbaycanın unikal tarix və ənənələrə malik olduğunu ifadə edərək, onun dünyada nümunə rolu oynadığını deyib və ölkə rəhbərliyinin apardığı praqmatik siyasət və ekstremizmə qarşı mübarizəni yüksək qiymətləndirib.