APA-nın məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, bu bəyanat siyasi mahiyyət daşımaqla mövcud reallığı əks etdirmir və Rauf Mirqədirova qarşı açılmış cinayət işinin, eləcə də Leyla Yunusova və Arif Yunusovun bu prosesdə şahid qismində dəvət olunmasının əsl mahiyyətini təhrif etməyə cəhddir.
XİN sözçüsü vurğulayıb ki, Azərbaycan Baş Prokurorluğu tərəfindən başlanılmış istintaq onların jurnalist və ya vətəndaş cəmiyyəti fəaliyyəti ilə bağlı deyil.
“İş üzrə istintaqın davam etdiyi müddətdə, vaxtından əvvəl hər hansı mühakimənin yürüdülməsi və siyasi motivli bəyanatların verilməsi istintaqın işinə müdaxilə və ona təzyiq göstərmək cəhdindən başqa bir şey deyil. Bu, eyni zamanda qanunun aliliyi baxımından qəti şəkildə qəbuledilməzdir.
Məlum olduğu kimi, Azərbaycan həmişə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında dialoqu dəstəkləyib. İnanırıq ki, icmalararası dialoq qarşılıqlı anlaşma və etimad mühitinin yaradılması baxımından bütövlükdə sülh prosesinə öz əsaslı töhfəsini verəcək”, - deyə E. Abdullayev qeyd edib.