APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Afinada Yunanıstan prezidenti Karolos Papulyasla birgə keçirdiyi mətbuata bəyanatla çıxışında deyib.
Dövlət başçısı çıxışında qeyd edib ki, bu, onun Yunanıstana ikinci rəsmi səfəridir: “Bu, mənim Yunanıstana ikinci rəsmi səfərimdir. Prezident Papulyas da üç il bundan əvvəl Azərbaycana rəsmi səfər edib. Bu səfərlər onu göstərir ki, Yunanıstan-Azərbaycan əlaqələri yüksək səviyyədədir və əminəm, mənim səfərim bu əlaqələrə yeni təkan verəcək”.
Azərbaycan prezidentinin sözlərinə görə, iki ölkə arasında siyasi əlaqələr gündən-günə güclənir: “ Biz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik. Xüsusilə Avropa Şurasında bizim nümayəndə heyətlərimiz çox fəal əməkdaşlıq münasibətləri qurublar. Keçən ay Azərbaycan Avropa Şurasında sədrliyi öz üzərinə götürüb və ilin sonuna qədər bu sədrliyi davam etdirəcək. Yunanıstan isə Avropa İttifaqına sədrliyi dövründə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına çox böyük töhfə verib”.
Azərbaycan prezidenti qeyd edib ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir, strateji xarakter alıb: “İki gün bundan əvvəl Avropa Komissiyasının sədri cənab Barrozunun Azərbaycana uğurlu səfəri bu əlaqələrin strateji mahiyyətini bir daha təsdiq edib”.
Dövlət başçısı Yunanıstan prezidenti Karolos Papulyas ilə regional təhlükəsizlik məsələləri də geniş şəkildə müzakirə etdiyini bildirib: “Regional təhlükəsizlik üçün ən böyük təhdid Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. İyirmi ildən çoxdur ki, Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 20 faizini işğal altında saxlayır. Münaqişənin tezliklə həlli bölgəyə sülh, əməkdaşlıq gətirəcək. BMT Təhlükəsizlik Şurası bu münaqişə ilə bağlı dörd qətnamə qəbul edib ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulur. Ümid edirəm ki, bu münaqişənin həlli yaxın zamanlarda mümkün olacaq və beləliklə, dediyim kimi, bölgədə əməkdaşlıq üçün yeni imkanlar yaranacaq”.
Prezident İlham Əliyev, Azərbaycan – Yunanıstan əlaqələrinin mühüm hissəsinin enerji təhlükəsizliyi ilə bağlı olduğunu vurğulayıb: “Yunanıstan-Azərbaycan əlaqələri strateji əhəmiyyət daşıyır. TAP layihəsi nəinki enerji təhlükəsizliyi layihəsidir, eyni zamanda, iki ölkə arasındakı dostluq əlaqələrini daha da yüksək pilləyə qaldıracaqdır. Azərbaycanın təşəbbüsü ilə icra edilən “Şahdəniz”, TANAP və TAP hazırda Avropanın ən böyük infrastruktur layihələridir. Bu layihələrin icrası nəticəsində bundan sonra onilliklər ərzində Azərbaycan Avropa bazarına öz təbii qazını ixrac edəcəkdir”.