Bu gün Heydər Əliyev Sarayında Xocalı soyqırımının 21-ci ildönümü ilə
bağlı anım mərasimi keçirilib. Saraydan Lent.az-a verilən məlumata görə, tədbirdən öncə, XX əsrin ən dəhşətli və qanlı faciələrində biri olan Xocalı soyqırımını özündə əks etdirən kitablar və foto stendə baxış keçirilib. Tədbirin əvvəlində Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev açıb. Saray rəhbəri bildirib ki, son onilliklərdə bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyindən əl çəkməyib, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirib.
Xocalı sakinlərinin iştirak etdikləri tədbirdə faciənin canlı şahidi olan Fatma İsmayılova həmin gecənin dəhşətlərindən danışıb. Bildirib ki, bir çox qohumlarının ağır işgəncələrə məruz qalaraq öldürüldüyünü, girov götürülən qardaşının taleyi isə bu gün də məlum deyil.
Tədbirin sonunda Xocalı soyqırımının dəhşətlərini əks etdirən “Xocalı qətliamı” adlı sənədli film nümayiş etdirilib.