“Şahvələd, sənin “müxalifətçiliyin” qəzetin bağlanandan sonra başlayıb” - POLEMİKA
13 fevral 2013 19:04 (UTC +04:00)

“Şahvələd, sənin “müxalifətçiliyin” qəzetin bağlanandan sonra başlayıb” - POLEMİKA

İki jurnalist arasında söz dueli: “Mitinqdə 3-4 poza verib, lağ-lağı edib, sonra vurmağa getməyə nə var ki?”

 

Ötən həftə “Azadlıq” qəzetində tanınmış jurnalist Şahvələd Çobanoğlu Əkrəm Əylislinin “Daş yuxular” romanı haqda köşə yazısı ilə çıxış edib. “Sevdirmək yuxuları” adlı köşədə yazar iddia edib ki, Ə.Əylisli bu əsəri azərbaycanlıları ermənilərə sevdirmək üçün yazıb. Ş.Çobanoğlu həmin köşəsində yazır: “Belə bir deyim var: sevdirməyin ən yaxşı yolu elə sevgidir. Bu deyimin dərin dini, fəlsəfi kökləri və ədəbi ənənələri var. İslamdan, İsa Məsihdən, Buddadan, miflərdən, yaxud müxtəlif ədəbi əsərlərdən iqtibaslar gətirib sizi yormaq istəmirəm. Sevgi, bağışlamaq, hətta düşməni sevmək təzə doktrinlər deyil. Onların günə və həyata ən asan yansıyanı, ən effektlisi isə elə sevgini sevgi ilə qazanmaq inamıdır. Məsələ bu qədər sadədir. Əkrəm Əylisli azərbaycanlıları ermənilərə sevdirmək istəyir - bax, əsərdəki həmin erməni sevgisi ilə.

 

Təəssüf ki, romandakı erməni sevgisinin Azərbaycan naminə edildiyini hətta özü erməni siyasətçisi ilə görüşəndə bunu Azərbaycan naminə etdiyini deyən İsa Qəmbər də qəbul etmir. Bilmirəm “düşməni sev” deyən İsa peyğəmbər bizim zamanda yaşasaydı, heç olmasa, o, yazıçını başa düşərdimi?!”

 

Ş.Çobanoğlunun bu köşəsinə “Yeni Müsavat” qəzetinin baş redaktorunun 1-ci müavini Azər Ayxan özünün Facebook statusunda cavab verib. O, həmkarını erməniyə sevgi izhar etməkdə ittiham edib.

 

Ş.Çobanoğlu da Facebookda A.Ayxana cavab verib. Həmin cavabı olduğu kimi dərc edirik.

 

“Axır ki, İlham Əliyevə sevgilərini boynuna aldı...”

 

Azər Ayxan məni erməni sevgisində ittiham edir. Hətta ermənilərə güzəştdə ittiham edir. Torpağı mən vermişəmmiş? Amma bu adamın dərdi nədir. Deyir ki, niyə Əkrəm Əylislinin əsərinə erməniyə sevgi kimi baxırsan, onların hakimiyyətə, İlham Əliyevə güzəştinə normal baxmıram?


Axır ki, İlham Əliyevə sevgilərini boynuna aldı... 
 

Mən yazmışam: Əkrəm Əylisli görür ki, 20 ildir erməniyə güllə-top atan yoxdur, bu yalançı, müharibə ritorikalı sülh siyasəti iqtidarın hiyləsi və orda-burdakı əlaltıları vasitəsi ilə davam edir, götürüb ora bir sevgi romanı atıb. Qarabağ ermənilərinə Azərbaycanı sevdirmək, Azərbaycanda yaşamağın mümkün olduğunu göstərmək üçün bu romanı yazıb. 
 

Məncə əsgərlikdə də olmayan, heç hakimiyyətə qarşı mitinqə çıxmayan Azər Ayxan nə təklif edir? Müharibəyə getməkmi? Gedəcəksinizmi? Onda bunu öz sevimli Lazımınıza sorun, niyə müharibə etmir? 


Mən Azər Ayxangilin hakimyyətgilə güzəştlərini başa düşürdüm: ehtiyat edirdilər, qəzeti qoruyurdular. Özlərinə də deyirdim. Amma sual verdim ki, bəs niyə hakimiyyətin ağır vaxtlarında o tərəfdən bu tərəfə top atmağa başladınız? Bəlkə siz də İlham Əliyevin bizi sevməsi üçün sevməyə başlamısınız?


Əkrəmin əsərinə qəzəblənən sadə azərbaycanlıları yaxşı anlayıram, amma siz niyə qəzəblənirsiniz? Əkrəmi o əsəri yazmağa vadar edən dəstək verməyə başladığınız hakimiyyətin yalançı siyasətidir. 


Siz Əkrəmdən nə haqla soruşursunuz oğlunun yağlı korrupsiya idarəsində işlədiyini? Bəs korrupsiyanın başında durandan niyə sormursunuz taladıqlarını? Onun oğlunun villalarını niyə yazmırdınız?


Bəli, mən Əkrəmin əsərinə onun azərbaycanlını sevdirmək cəhdi kimi baxıram. Uğurludur, uğurlu deyil, belədir. Hətta inanıram ki, normal dövlətimiz olsaydı, bu əsərdən tolerantlıq nümunəsi kimi istifadə edər, ölkəmizə fayda qazandırar, Qarabağ ermənilərinin burada yaşamasına problem olmaması üçün sübuta çevirərdi. Amma sizin İlham Əliyevə sevginizə azərbaycanlılara edilən zülmə dəstək kimi baxıram. Azərbaycanı erməni qarşında zəif salan siyasətin oyunçularına güzəştə getmək Azərbaycanı güzəştə getməkdir.


Unutmayın, Əkrəm Əylislinin romanı necə qiymətləndirilməsindən asılı olmayaraq, başqalarının əməllərini unutdurmur. Və bəziləri heç bir roman yazmadan xalqın nifrətini qazanıb.


Mən Azərbaycanı sevirəm, onun insanlarının haqlarını sevirəm, bu dövlətin vətəndaşı olan istənilən millətdən olan insanı da sevməyə hazıram. Mən deyirəm ki, elə bir azad, ədalətli və rifahlı toplum qura bilərik ki, Qarabağ erməniləri də burada yaşamağa razı ola bilər. Baxın, 120 min erməni son illərdə genosiddə ittiham etdiyi Türkiyəyə iş dalınca gedib. Mən ölkəmin dalandan çıxmasını arzulayıram. Onda Azər Ayxan da düşdüyü dalandan çıxacaq. Mən onu da deyirəm ki, yaxşı, hələ Qarabağı ala bilmiriksə, rusun caynağının qırılmasını gözləyiriksə, bəs ölkənin qalan hissəsində niyə azərbaycanlılar rahat yaşaya bilmir? Bunu da ermənimi edir? Siz isə deyirsiniz ki, bunu deməyək?

 

A.Ayxan da Ş.Çobanoğluna Facebook vasitəsilə cavab verib.

 

“20 yaşına kimi erməninin içində böyüdün, sevdirə bildinmi özünü onlara?!”

 

Şahvələd Çobanoğlu mənə cavabında bir neçə məsələyə toxunub. Gərək biz də bir neçə budağı silkələyək ki, borclu qalmayaq. Ondan başlayaq ki, bəy boynumuza qoyur ki, biz İlham Əliyevi sevirik. Və bunu da neçə vaxt imiş ki, boynumuza almırmışıq, indi alırıq. Daha doğrusu, sən demə, Şahvələd bunu bizim boynumuza zorla qoyub, “isbatlayıb”.

 

Biz İlham Əliyevi sevirikmi? Yaxud onu sevməliyikmi? İlham Əliyevin bizim sevgimizə ehtiyacı varmı? Hər üç sualın cavabı “yox”dur. Şahvələd özü də yaxşı bilir ki, bu məsələdə ya şərləməyə yol verib, ya da emosiyaya qapılıb. Zatən o, bizə qarşı həmişə bu cür qərəzli və ədalətsiz mövqe tutub. Son 20 ildə onun kimi xeyli adam bizə əxlaq, mübarizə, müxalifətçilik və qəzetçilik dərsi keçməyə həvəslənib. İndi bu adamların əksəriyyətinin səsi çox “pis yerlər”dən gəlir. Şahvələdin də səsi oralardan gələcəkmi? Heç arzulamazdım. Çünki onun mövqeyini bölüşməsəm də, aşırı qərəzini, kinini təqdir etməsəm də hər halda ölkə və millət üçün lazımsız adam da saymıram.

 

Şahvələd bəy, mənim əsgərlikdə olmamağım qüsur deyil. Və bundan da heç vaxt narahat deyiləm. Çünki Qarabağ hələ düşməndədir. Zatən bu Vətənin cəfasını çəkməyi Allah bizə yazıb... Yeri gəlmişkən, Əli Əhmədov, Mübariz Qurbanlı, Eldar Sabiroğlu və digər YAP-çılar da bir vaxtlar mənim əsgərlikdə olmamağımı başıma qaxınc kimi səsləndirirdilər. Son vaxtlar sən YAP-çıların siyasi rəqiblərinə qarşı işlətdikləri siyasi priyomlara yaman meyllənirsən. Səndə bu rejimin siyasi texnoloqlarına və texnologiyalarına heyranlıqmı yaranıb? Yoxsa özün də hiss etmədən təsir altına düşmüsən? Hər halda diqqət et. Qıraqdan yaxşı görünmür.

 

Əzizim Şahvələd, əsgərlik 1 il, uzağı 2 il çəkir, adam sonra gəlir mülki həyatını davam edir. Biz 20 ildən çoxdur ki, əsgərlik çəkirik. 19 yaşımdan mətbuatdayam. Hərəkatda ən fəal gənclərdən olmuşam. İnqilabların, iqtidar dəyişikliklərinin bilavasitə iştirakçısı olmuşam. Meydanlarda, qəzet redaksiyalarında böyümüşəm. Bu gün-sabah 25 il olacaq ki, sözə əsgərlik edirik. Millətin yaxşı günü, firavan həyatı üçün əlimizdən nə gəlibsə, artıqlaması ilə etmişik. Və edirik. Usanmadan, yorulmadan, inamla. Bu ölkənin və millətin yaxşılığı üçün ölməkdən başqa nə qaldı etmədik? Bilirsənmi bu, nə deməkdi? Həbslərə düşə-düşə, təqib oluna-oluna, döyülə-döyülə, söyülə-söyülə bir addım belə kənara qoymadan 23-24 il yol gəlməyin nə demək olduğunu bilirsən? Bilmirsən, vallah, bilmirsən! Çünki sənin “müxalifətçiliyin” 2007-dən sonra başlayıb. Qəzetin bağlanandan sonra, itirməyə heç nəyin qalmayandan sonra yadına düşüb ki, mübarizə aparmaq lazımdır. Sənin “müxalifətçiliyin” və “mübarizliyin” “Yeni Müsavat”ın 18 yaşı tamam olanda başlayıb... Fərqindəsənmi?

 

Deyirsən ki, guya mən Əliyev hakimiyyətinin əleyhinə təşkil olunan mitinqlərə getmirəm. Sənə deyəndə ki bizə qarşı qərəzli və ədalətsiz mövqedəsən, inciyirsən. Yuxarıda dedim, gəncliyim meydanlarda keçib. Bu gün isə sizin iştirak etdiyiniz mitinqi “möhtəşəm”, “uğurlu” və s. epitetlərlə bəzəyib daxili və xarici ictimai rəyə təqdim edən kimdir, kimlərdir? Bunu o mitinqləri təşkil edənlərin xeyrinə oxucuya, tarixə təqdim edən kim və kimlərdir? Müxalifətin, gənclərin təşkil etdiyi mitinq və yürüşləri bu ölkədə neçə qəzet obyektiv, əhatəli, geniş verir? Allahsız ol, dinsiz ol, amma vicdansız olma, Şahvələd bəy! Hər mitinq olan gün bilirsənmi evimizə saat neçədə gedirik? Köhnə qəzetçisən, yaxşı bilərsən. Mitinq olan gün bilirsənmi saat neçədə yatırıq? Sonrakı günlər də necə işləyirik, xəbərin varmı? Çıxıb meydanda 3-4 poza verib, lağ-lağı edib sonra vurmağa getməyə nə var ki? Bir gün icazəsiz mitinq olanda gəl redaksiyaya, günün məsul redaktoru ol, mən də gedim Fəvvarələr meydanında sənin əvəzinə poza verib şəkil çəkdirim, sonra da gedim evimə, sən də gecə yarıya qədər ora-bura zəng vur, partiyaların siyahı yarışmasına döz, tutulanların siyahısını hazırla, şəkillərini seç və s.

 

Yeri gəlmişkən, 2007-ci ilin iyununda məhz sənin şef-redaktor olduğun qəzetin bağlanmasına, dostun və baş redaktorun Eynullanın həbsinə etiraz olaraq Sabir bağında aksiya keçirdik. Polis bizim qəzetin əməkdaşlarını yaxşıca döydü, yadındamı? Paltarımız cırıldı, sonra da Rauf bəyi, səni, Zabili və bir neçə nəfəri bölməyə apardılar. O aksiyanın şəkilləri var FB profilimdə, buyurub baxa bilərsən. Bəlkə bir az vicdan əzabı çəkdin haqsız sözlərinə görə. Qəzetiniz bağlanandan və Eynulla tutulandan sonra daim yanında olduq, aksiyalarına dəstək verdik, səninlə bərabər əlimizdə Eynullanın və “Gündəlik Azərbaycan”ın şəkilləri, plakatları etiraz piketləri keçirdik. Hər addımda sənə dəstək olduq, sənə qəzetdə ən yaxşı vəzifəni təklif etdi Rauf bəy. Hörmətlə davrandıq, bir neçə “Gündəlik”çini sənin xahişinlə işə götürdük. Amma səndən bu fədakarlığı mən heç görmədim. Əksinə, əlinə qələm, fürsət keçən kimi, tribuna əldə edən kimi əsas işin bizi “vurmaq” olur. Bizi vura-vura o qədər “böyüyənlər” olub, sən də onlardan biri ol. Canın sağ olsun.

 

Sən bir yaxın qohumunu həyatından çıxaranda, özündən aralayanda mənə belə bir söz demişdin, indiki kimi yadımdadır o sözün: “Azər, mən onu necə bağışlayım, axı o, şərəfsizliyi mənim evimin içinə gətirdi”.

 

Şahvələd, Əkrəm Əylisli şərəfsizliyi millət olaraq bizim hər birimizin evimizin içinə gətirib, bunu sən gerçəkdənmi anlamırsan? Əkrəmi müdafiə etməklə fərqindəsənmi necə yanlış yapırsan? Axı sən erməninin içində böyümüsən 20 yaşına qədər. Sənin qədər ermənini yaxşı tanıyan kim ola bilər? Sən erməniyə sevdirə bildinmi özünü, ailəni? İlk fürsətdəcə səni, ailəni, bütün el-obanızı oradan qovmadılarmı? Əkrəm Əylisli belə bir düşmənə bizi necə sevdirə bilər, Allah eşqinə?

İqtidarlar gəldi-gedər olduqları üçün onların cəmiyyətə, ölkəyə vurduqları mənəvi və maddi ziyanlar tez aradan qaldırılır. Saakaşvili 1 il keçmədi ki, Gürcüstanı dəyişdi, ora demokratiya gətirdi, qanunu şaha çevirdi. İlham Əliyevdən sonra sələfi tezliklə Azərbaycanı düzəldə biləcək. Amma Qarabağı ermənidən ala biləcəkmi? Sən dədə-baba torpağına gedə biləcəksənmi? Uşaqlarına azad və firavan Azərbaycan bəxş edəcəyinə inanırsan. Buna mən də inanıram. Amma anana Azərbaycan firavan olandan sonra da Göyçəni göstərə biləcəksənmi?

 

İlham Əliyevə güzəştli mövqe tutmaq ona görə xəyanət və ziyanlı deyil ki, bir gün o, hakimiyyətdən gedəcək. Biz də xalq olaraq onun yerinə özümüzün istədiyimiz birini prezident seçə biləcəyik. Amma düşmən ermənini işğal etdiyi torpaqlarımızdan çıxara biləcəyikmi? Bu işdə bizə ermənini sevmək kömək olacaqmı? Olacaqsa buyur, sev düşməni, sevə bildikcə...

 

(musavat.com)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 969
avatar

Oxşar yazılar