“Hazırlaş çıxırsan” deməkləri məni çox sevindirdi” - MÜSAHİBƏ
03 mart 2013 12:58 (UTC +04:00)

“Hazırlaş çıxırsan” deməkləri məni çox sevindirdi” - MÜSAHİBƏ

 - Həbsdən buraxılacağını əvvəldən bilirdinmi?

 

- Əslində mən bazar ertəsi çıxacağımı gözləyirdim. Qəfildən gəlib dedilər ki, hazırlaş, çıxırsan. Mənim üçün də surpriz oldu. Çox sevindim, təbii ki. Həbsdə olmaq asan iş deyil. Həm sevindim, həm də üzüldüm. Çünki mən çıxırdım, atam isə hələ də oradadır...
 

Mənim azadlığım tam azadlıq sayılmır. Şərti iş hesab etmək olar. Hər gün həmin məntəqə tipli cəzaçəkmə müəssisəsinə getməliyəmmi, orada qalmalıyammı, yoxsa sadəcə, imza atmalıyam - bilmirəm. Heç bir məlumat verməyiblər. Bazar günü əlaqə saxlayıb xəbər verəcəklər. Yəqin ki, hardasa başqa bir yerdə qalmalı olmayacağam. Hələ ki, üç gün evdəyəm.

- Həbsdə olduğun 6 ay necə keçdi?
 

- Gözümü açıb-yumdum ki, artıq 6 ay keçib, yarım ildir ki, həbsdəyəm. Vaxt tez gəlib keçirdi. Birdən-birə azadlığa çıxmaq çox qəribədir. Elə bil ki, başqa bir yerə gəlmişəm. Onu anladım ki, azadlıq duyğusu çox gözəldir. Birdən birə “hazırlaş çıxırsan” deməkləri məni çox sevindirdi. Həbsdə olanların hamısına bunu arzu edirəm. Heç vaxt həbsdə olmayanlar bu duyğunu anlaya bilməzlər. Gərək orada olasan ki, biləsən oradakılar nə hisslər keçirirlər, necə intizardadılar.
 

Azadlıqda olanda kitab oxuya bilmədiyimə görə o qədər gileylənirdim ki... Orada çoxlu kitab oxudum. Yetərincə musiqiyə qulaq asırdıq. Əsasən muğama, xalq mahnılarına. Bir də ki, orada nərd oynamağı öyrəndim. Həmişə istəyirdim, amma öyrənə bilmirdim. Oradan mənə qalan oxuduğum kitablar və nərd oynamağı öyrənmək olacaq. Qalan vaxtımız da gündəlik məişət işlərinə gedirdi.

 

- Sağlamlığın nə yerdədir?
 

- Fiziki olaraq elə bir problemim yoxdu. Amma psixoloji problemlərim var. Bəlkə də bu problemləri gələcəkdə daha çox hiss edəcəyəm. Əsəblərim çox gərginləşmişdi. Bu gün azadlığa çıxmağım yerinə düşdü. Insan uzun müddət çox şeydən təcrid olanda, istər-istəməz əsəbləri pozulur. Hiss eləyirdim ki, artıq hər şeyə sərt reaksiya verirəm.

- Siyasi fəaliyyətin haqda nə düşünürsən? Müsavat Gənclər Təşkilatında aktivliyini davam etdirəcəksənmi?
 

- Davam etdirməyinə etdirəcəyəm, amma təbii ki, əvvəlki kimi olmayacaq. Çünki mən tam azad deyiləm. Aksiyalara çıxmaq mənim üçüm çətin olar, həbs olunsam yenidən xüsusi cəzaçəkmə müəssisəsinə göndəriləcəyimi düşünürəm. Mən əlbəttə ki, bunu istəmirəm. Həm də bir az özümə gəlmək istəyirəm.

 

- Atanı sənin saxlanıldığın təcridxanaya gətirəndə hansı hisslər keçirdin?
 

- Heç kimə belə bir şey arzulamazdım. Gözləmirdim. Elə bilirdim ki, atamın həbsi həmişəkilər kimi qısamüddətlidir. Çünki biz o həbslərə öyrəşmişik. Cinayət işi açılacağını gözləmirdim.
 

Orada işləyənlərin hamısı bilirdi ki, atam gəlib. Ən axırıncı mənim xəbərim oldu. Atam gələndən bir gün sonra vəkilim mənə xəbəri verdi. Çıxandan sonra ürəyim orada qaldı. Çünki bilirdim ki, ata da yanımdadı, onunla bir yerdəyəm. Atamın tezliklə azadlığa çıxacağına inamım yoxdur.

 

- Sənə olan dəstəkdən razısanmı?
 

- Çox dəstək gördüm. Orada olan məhbuslardan, gənclərdən, deputatlardan - hər kəsdən dəstək oldu. Tez-tez xəbərlər gəlirdi. Çoxlu məktublar gəlirdi. Hər kəsə öz təşəkkürümü bildirirəm.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1718
avatar

Oxşar yazılar