Bu gün yeni yaradılmış "El" hərəkatının Novxanıda yerləşən yeni ofisində reyd keçirilib. Hərəkatın rəhbər şəxslərindən olan Zəfər Quliyev musavat.com-a bildirib ki, çoxsaylı hakimiyyət nümayəndələri tərəfindən 4 mərtəbəli binaya reyd təşkil olunub: “Hərəkatın 4 mərtəbəli yeni ofisi faktiki olaraq, qapadılıb. Saat 14 radələrində Binəqədi rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon polis idarəsinin rəisi və daha 10 polis işçisi “EL” hərəkatının təsisçilərindən biri olan ev sahibinə deyiblər ki, buraya ondan və ailə üzvlərindən başqa heç kim girə bilməz. Onlar bildiriblər ki, onlarda olan məlumata görə, dağıdıcı ünsürlər bu binada yığışaraq, dövlət çevrilişi hazırlayacaqlar. Bu səbəbdən də həmin binanı kənardan olan hər kəsə bağlayırıq”.
Mülkün sahibinə deyilib ki, buraya heç bir kənar avadanlıq, əşya gətirilə bilməz. Zəfər Quliyev məlumat verib ki, artıq binanın önünə daimi post da qurulub: “Orada polislər 24 saat keşik çəkəcəklər. Biz indi toplanmışıq. Yaxın saatlarda bəyanatımız olacaq”.