“Əgər Müsavat Partiyası Milli Şurada hansısa baş rola həvəslidirsə, bu, düzgün deyil. Çünki Milli Şura yaradılarkən, əsas motiv bu idi ki, bu qurumda siyasi partiyaların hökmranlığı olmayacaq”.
Bunu Lent.az-a açıqlamasında “El” Hərəkatının Ali Məclis sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev deyib. O bildirib ki, əgər Milli Şurada da İctimai Palata olduğu kimi siyasi partiyalar prioritet təşkil etsə, xalqın müxalifətə yaranan ümidi yenidən üzülə bilər: “Milli Şura yarananda da siyasi partiyalar orada təmsilçilik davası edirdilər. Səbəb də o idi ki, burada daha çox adamla təmsil olunsunlar və təsir gücləri çox olsun. Ancaq biz çalışmalıyıq ki, Milli Şura özü partiyalara təsir etmək gücündə olsun”.
Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılının “Milli Şura real qüvvələrin birliyindən formalaşmalıdır” fikrinə də münasibət bildirən E.Quliyev deyib ki, A.Hacılının nəzərdə tutduğu “real qüvvələr”i müəyyən edə biləcək tərəzi hələ ki yoxdur: “Milli Şurada və buradan kənarda onlarla adam var ki, onlar hər biri ayrı-ayrılıqda Arif Hacılının “real güc” dediyi tərəflərdən daha böyük təsir imkanlarına sahibdirlər. Bu təklifin özü əslində güclərin birliyinə yox, parçalanmasına xidmət edir”.
“El” rəsmisinin sözlərinə görə, təmsilçisi olduğu hərəkat Milli Şurada olan heç bir qüvvənin və fərdin qurumdan kənarlaşdırılmasının tərəfdarı deyil.