Gürcüstanda “Qaradağlı soyqırımı: Şahidlərin dili ilə” kitabının, “Azərbaycan həqiqətləri” filmlər toplusunun və "Ruhum qarabağlıdır" layihəsinin təqdimatı keçirilib. Lent.az-ın məlumatına görə, fevralın 15-də ziyalıların, gənclərin və KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycan xalqının faciələri ilə bağlı bir çox məqamlara toxunaraq bu məsələdə hər bir kəsi daha həssas olmağa, tariximizi dərindən öyrənməyə, bilikli və vətənpərvər ruhda gənclər böyütməyə çağırıb: " Xocalıda dəhşətli soyqırım həyata keçirilib, iki gün sonra ildönümü qeyd olunacaq Qaradağlı soyqırımı zamanı insanlarımıza dəhşətli faciə yaşadılıb. Biz Gürcüstanda “Xocalı ayı”na Marneulidən start verdik. Tədbirlər daha sonra bölgələrdə keçiriləcək. Milləti sözdə yox, əməldə sevməli, mən deyil, biz təfəkkürü ilə yaşamalıyıq” .
Tədbirdə çıxış edən digər qonaqlar ermənilərin Azərbaycan xalqının başına gətirdikləri faciələrdən, eləcə də Xocalı soyqırımını tanıması ilə bağlı aparılan təbliğat kampaniyalarından danışıblar.