Qarabağda baş verənlər Ermənistandan idarə olunub - ARAYİK SİRLƏRİ AÇIR
05 mart 2025 14:04 (UTC +04:00)

Qarabağda baş verənlər Ermənistandan idarə olunub - ARAYİK SİRLƏRİ AÇIR

Xəbər verdiyimiz kimi, martın 3-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.

Budəfəki məhkəmə iclasında təqsirləndirilən Arayik Harutyunyan və digərlər ermənilər ifadə veriblər.

Prosesdə ən çox diqqət çəkən Arayikin ifadələri olub.

Belə ki, o, ifadələrində bir çox sirləri açıb.

Arayikin Ermənistan hakimiyyətini ifşa edən ifadələrindən bəzilərini təkrar xatırlatmaq istəyirik.

Arayik Paşinyandan nə xahiş edib?

Arayik məhkəmədə Paşinyanla arasında olan danışıqları belə şərh edib:

“2020-ci ilin iyun ayında mən Paşinyandan xahiş etdim ki, bizi danışıqlar prosesi ilə tanış etsin. 2020-ci ilin iyununda İrəvanda bizim birgə Təhlükəsizlik Şurasının iclası oldu. Bu, hamı üçün açıq bir iclas idi. İclas zamanı Ermənistanın o vaxtkı xarici işlər naziri bizi danışıqlar prosesi ilə tanış etdi. Aydın idi ki, bu proses dalana dirənmişdi. Bu iclasda Ermənistanın müdafiə strukturlarının rəhbərləri bizi orduda olan vəziyyətlə tanış etdilər. Aydın oldu ki, Ermənistan müharibəyə hazır deyil. Müharibə etmək üçün müəyyən resurslar lazımdır. Belə ki, ərzaq, silah resursları, maliyyə resursları lazım idi. Məlum oldu ki Ermənistanın buna imkanı yoxdur”. 

Arayikin peşmançılığı

Arayik Harutyunyan ifadəsində deyib ki, bəzi çıxışlarına görə təəssüflənir:

“İyul ayında siz daha yaxşı bilirsiniz ki, o vaxt Tovuzda atışmalar baş verdi. Orada nə baş verməsi barədə mənim təsəvvürüm də yox idi. Televizorda nə göstəriblərsə, yalnız onu bilirəm. Mən yeni bir adam olduğum üçün gərək “ordu” ilə tanış olardım və təmas xəttində nə baş verirsə bilərdim. 2020-ci ilin yayında ön cəbhəni və “ordu”nu gəzməyə, tanış olmağa başladım. Mənim facebook səhifəmdə və “rəhbərliyin saytında” bir neçə məqalə dərc etdim. “Ordu” ilə bağlı bütün informasiyaları “mətbuat xidməti” bizə təqdim edirdi. Və mənim səhifəmdə onlar çap olunurdu. Bəli, orada mənim elə çıxışlarım və söylədiklərim var idi ki, indi hazırda təəssüf edirəm ki, bunlara yol vermişəm”.

Arayikin etirafları: Qarabağda müharibəni alovlandıran Ermənistan hakimiyyəti olub

Arayik həmin ilin yayında və iyunun sonunda “Qarabağ ordusu”nun təlimlərini müşahidə etdiyini bildirərək təlimlərə Ermənistan ordusunun qərargah rəisi Onik Qasparyanın rəhbərlik etdiyini, habelə Azərbaycanın dərinliklərinə zərbələr endirilməsi barədə qərarların Ermənistanda verildiyini etiraf edib:

“Təlimlərə rəhbərliyi Ermənistan ordusunun qərargah rəisi Onik Qasparyan edirdi. Bu da gizlin proses deyil, hamının gözünün qarşısında olan bir şey idi. Yayın sonunda Qarabağa Nikol Paşinyan gəldi. Mən onu “ordu bölmələri”nə qədər müşayəət eləmişəm. O, vəziyyətlə tanış oldu. Eşidirdim, görürdüm ki, “silahlı qüvvələr”də nə baş verir. Mən “Qarabağ müdafiə komitəsi”ndən heç bir məlumat almamışdım. Situasiya barədə heç vaxt mənə heç bir məlumat verilməyib. “Ordu” üzərində mənim heç bir səlahiyyətim olmayıb. Bu, sizə də məlumdur. İttiham aktında da bu barədə yazılıb. Ermənistan mətbuatında da bu barədə dəfələrlə qeyd olunub, deyilib ki, Qarabağda olan ermənilərin təhlükəsizliyinə görə Ermənistan məsuliyyət daşıyır. Ermənistan silahlı qüvvələri, “Qarabağ müdafiə ordusu” da ora daxil idi. Deməli, Ermənistan təhlükəsizliklə bağlı məslələrə görə məsuliyyət daşıyır”.

Arayikin ifadələri bir daha onu təsdiqləyir ki, bu prosesdə Ermənistanın marağı var idi. Ermənistanın məqsədi isə Azərbaycanı parçalamaq idi. Arayikin ifşaedici etirafları bunu deməyə əsas verir ki, Azərbaycan xalqının başına gələn bütün müsübətlərdə birbaşa Ermənistan hakimiyyətinin əli olub.

Arayik məhkəmədə Ermənistan hakimiyyətini belə ifşa edib:

“Sentyabrın 27-də sizə məlumdur ki, genişmiqyaslı müharibə başladı. Mənə aydın idi ki, bunun nəticəsi necə olacaq. İlk günlərdən mənim Paşinyanla söhbətim ondan ibarət oldu ki, müharibə nə vaxt dayandırılacaq. Mütəmadi olaraq, demək olar hər gün mən parlament deputatları ilə görüşürdüm. Demək olar hər gün Bako Sahakyanla və Arkadi Qukasyanla görüşürdüm. Mövzu isə müharibəni bir dəqiqə tez də olsa dayandırmaq barədə idi. Oktyabrın 2-də mənim bəyanatım oldu ki, “ordu”da heç bir səlahiyyətim yoxdur və yaxşısı bu olardı ki, mən də bir əsgər kimi qoşulardım sıraya. Mən öz postumu, ofisimi tərk etdim və ön cəbhəyə getdim. Mən ön cəbhədə əlbəttə ki, ola bilməzdim, çünki orada hərbi əməliyyatlar gedirdi, amma arxa cəbhədə əsgərlərlə görüşdüm. Geri qayıtmaq istəmirdim. Bilirdim ki, nə baş verəcək. Lakin mənim həmkarlarımın, dostlarımın təkidi ilə geri qayıtdım. Həmin gün Azərbaycanın dərinliklərində hərbi obyektlərə zərbələr endirmək barədə qərar qəbul olunmuşdu. Raket və yaxud da artileriya qurğularından. Əsasən siyasi hərbi vertikal “Qarabağ müdafiə ordusu”nun “qərargah rəisi”ndən başlayırdı, yuxarıdan aşağı. Levon Mnatsakanyanın bir qədər əvvəl verdiyi ifadələrdən artıq mənə aydın oldu ki, istintaqın xəbəri var ki, o, hansı səlahiyyətlərə malik idi və nə edə bilərdi. Mən bilmirdim ki, kimin hansı səlahiyyətləri var, hansı silahlardan istifadə olunmalıdır, olunacaq və sair. Mən Onik Qasparyandan soruşanda ki, bu qərarlar əsaslandırılmışdırmı, o mənə dedi ki, bəli, Azərbaycanın hava limanları bizim əsas hədəfimizdir və biz o hədəfləri məhv etməliyik. Deyilmişdi ki, elə təəssürat yaranmalıdır, elə etməliyik ki, guya bu zərbələr Qarbağ tərəfindən endirililr”.

Arayik Harutyunyan Azərbaycan Prezidenti İlham Əliyevə niyə məktub yazmaq istəyib?

Arayik Harutyunyan ifadəsində deyib ki, müharibənin gedişində Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlamaq istəyib, lakin Ermənistan baş naziri Nikol Paşinyanın buna imkan verməyib:

“Oktyabrn 18-i axşamçağı bizim Bako Sahakyanla və Arkadi Qukasyanla axırıncı görüşümüz oldu. Nikol Paşinyana zəng elədim və dedim ki, mən Azərbaycan Prezidentinin adına müharibəni saxlamaqla bağlı məktub yazmağa hazıram, Bako və Arkadi də da lazım olsa buna qoşulacaqlar. Məktubun məğzi bundan ibarət idi ki, sadəcə müharibəni saxlayın. Paşinyana yazdığımız məktubun məzmunu isə belə idi ki, istənilən qaydada müharibəni salxayın və bildirin ki, bu, erməni sakinlərin istəyidir. Belə ki, Ermənistanda vahid bir fikir yox idi. Ona görə də mən dedim ki, bizə istinad edib müharibəni saxlamaq lazımdır. Biz sonra dırnaqarası günahkar olmağa da hazırıq, lakin insan həyatını qorumaq lazımdır. Paşinyan bir neçə görüş keçirtdi, müxalifətlə görüşdü, demək olar ki, hamıyla görüşdü. Oktyabrın 19-u gününün sonunda o mənə geridönüş zəngi elədi və dedi ki, müharibə davam edir. Detallara varmaq istəmirəm. Ən pisi o idi ki, müharibə davam edirdi”.

Vacib qeyd: Arayikin ifadələri bir daha göstərir ki, Qarabağda baş verən bütün proseslər Ermənistandan idarə olunub. Orada Qarabağın ordusu və yaxud da özünümüdafiə dəstəsi olmayıb. Ermənistan ordusunun birləşmələri Qarabağa yerləşdiriliblər. Ona görə də ifadələrdə bildirilir ki, yerli silahlı dəstələrin hamısı Ermənistan ordusunun Baş Qərargah rəisinin tabeliyində olub. Təbii ki, bu prosesdə Baş nazir, nazirlər və keçmiş prezidentlər də iştirak edib...

Politoloq Tofiq Abbasov mediada Arayik və digər ermənilərin ifadələrini belə şərh edib:

“Verilən ifadələr birbaşa göstərir ki, bütün proseslər Ermənistanın mərkəzi İrəvan şəhərindən idarə olunub. Gəlin, bir qədər geriyə qayıdaq, hələ sovetlər dönəmində Ermənistan bu məsələni ortaya atdı və 1980-ci ilin əvvəlindən artıq İrəvandan Qarabağa gəlib gedirdilər. Milli təhlükəsizlik orqanları prosesləri izləyirdi, ancaq heç nə etmirdilər. SSRİ dağılanda iki müstəqil dövlət arasında sərhədlər yarandı və qarşıdurma yeni bir fəallıq fazasına keçdi. Ermənistan gördü ki, birləşmək söhbəti alınmır, istiqaməti dəyişdi. Elə abu-hava yaratdı ki, guya, Qarabağda müstəqillik haqqında düşünən qüvvə var, 35-40 minlik erməni öz müqəddəratını həll etmək istəyir. Əlbəttə, bu proseslər İrəvandan idarə olunurdu. İrəvanın özünə də bu tapşırıqlar spürk deyilən erməni diasporasından gəlirdi. Onların rəhbərləri ABŞ-də, Fransa və Argentinada idilər.Bu onu göstərir ki, Ermənistanın özü bir layihə idi. Onu Antanta dövründə yaratmışdılar. Bütün proseslər xaricdən idarə olunurdu. Ermənistanın istəyi ondan ibarət idi ki, ərazi imkanlarını genişləndirsin. Əvvəlcə onlara Zəngəzuru söz vermişdilər. Daha sonra Qarabağ və Naxçıvanı işğal əldə etməyi planlayırdılar. Levon ter Petrosyan deyir ki, 600 il idi ki, əraziləri türklərdən təmizləmək istəyirdik. Orada da şişirtmələr var, çünki ermənilər Qafqaza 200 ildir ki, köçürülüblər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1140

Oxşar yazılar