Jurnalistlərin peşəkar fəaliyyətinə  qanunsuz müdaxilə edənlər   bu qədər cərimələnəcək
07 mart 2023 12:23 (UTC +04:00)

Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edənlər bu qədər cərimələnəcək

Media haqqında qanunvericiliyin pozulmasına görə cərimələr artırılır.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayımına mane olmağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə ediləcəklər. Mövcud Məcəlləyə əsasən, kütləvi informasiya vasitələri məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa və ya dövri mətbu nəşrin tirajının pərakəndə satışına qanunla nəzərdə tutulmayan məhdudiyyətlər qoyulmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə cərimələnir.

Eyni zamanda, layihəyə əsasən, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə müəyyənləşir.

Həmçinin Məcəlləyə təklif edilən digər dəyişikliklə qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq edilməsi təklif edilir. Hazırda qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə tətbiq olunur.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

# 1470
avatar

Oxşar yazılar