Fərid Şahbazlı: Prezidentin qərarı milli-mənəvi dəyərlərin qorunması baxımından zəruridir
16 yanvar 2026 20:02 (UTC +04:00)

Fərid Şahbazlı: Prezidentin qərarı milli-mənəvi dəyərlərin qorunması baxımından zəruridir

0

Prezident İlham Əliyevin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda etdiyi dəyişikliklə sayt və sosial şəbəkədə cəmiyyətə qarşı açıq hörmətsizlik hərəkətləri qadağan edilib.

Dəyişikliyə əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan edilib.

“Cebheinfo.az”a açıqlamasında media eksperti, Editor.az informasiya portalının baş redaktoru Fərid Şahbazlı bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin “İnformasiya və informasiyalaşdırma haqqında” qanuna etdiyi dəyişikliklər son dərəcə zəruri və yerində atılmış addımdır:

“Bu dəyişiliklər sosial şəbəkələr və internet resursları üzərindən aparılan zərərli təbliğatın qarşısının alınmasına, milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir.

Çünki son dövrlərdə həqiqətən də həm müxtəlif internet saytlarında, həm də sosial şəbəkə platformalarında cəmiyyətə, xalqımızın milli-mənəvi dəyərlər sisteminə, eləcə də ayrı-ayrı sosial qruplara qarşı açıq hörmətsizlik ifadə edən davranış və fikirlərin artdığı tez-tez müşahidə olunurdu.

Xüsusilə qeyd etmək lazımdır ki, “TikTok” kimi sosial media platformalarında cəmiyyətə qarşı açıq hörmətsizlik, həssas sosial qrupların təhqir olunması, ümumilikdə isə əxlaqsızlığın təbliği halları özünü “sosial media fenomeni”, “tiktoker” adlandıran bəzi şəxslər tərəfindən tez-tez həyata keçirilirdi.

Şübhəsiz ki, bu kimi hallarla bağlı Azərbaycan dövlətinin müvafiq qurumları və hüquq-mühafizə orqanları tərəfindən zaman-zaman lazımi tədbirlər görülüb. Hesab edirəm ki, konkret, daha institusional bir hüquq formasında qanunvericiliyə dəyişiklik edilməsi şəklində bu mübarizə kifayət qədər effektiv olacaq”.

O qeyd edib ki, Azərbaycan zəngin milli-mənəvi dəyərlərə malik olan və həmin dəyərlər sistemi çərçivəsində yaşayan, fəaliyyət göstərən bir cəmiyyətdir:

“Sosial şəbəkələr və internet saytları üzərindən bu cür uyğunsuz və zərərli təbliğatın aparılması cəmiyyətin əsas sütunlarına, mənəvi dəyərlərinə ciddi təhlükə yaradır və son dərəcə təhlükəli tendensiyaların formalaşmasına zəmin yaradır.

Hesab edirəm ki, ölkə Prezidenti tərəfindən qanunvericilik müstəvisində belə bir qərarın verilməsi olduqca əhəmiyyətlidir və bu addım cəmiyyət tərəfindən təqdirlə qarşılanır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar