Media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsi qaydalarının pozulmasına görə cərimə müəyyənləşir.
Lent.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin “Media haqqında” qanunla müəyyən edilmiş qaydaların pozulmasına görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.
Bundan əlavə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə ediləcəklər.
Həmçinin digər dəyişikliyə əsasən, media subyektinin redaksiyası (məsul redaktoru) və jurnalistlər tərəfindən informasiya mənbəyini qanunla yol verilməyən hallarda açıqlamağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimələnəcəklər.
Qeyd edək ki, qüvvədə olan Məcəllədə bu məsuliyyət növü nəzərdə tutulmayıb.
Layihələr səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.