Nə qədər paradoksal səslənsə də, siyasətdə də etik normalara və tərəfdaşlıq prinsiplərinə sadiqliklə yanaşmaq lazımdır.
Təəssüflər olsun ki, biz zaman-zaman özünü Azərbaycana dost və tərəfdaş adlandıran ölkələrin dövlətimizin milli maraqlarına laqeydliklə yanaşmalarının şahidi oluruq. Elə Tovuz hadisələrindən bir neçə gün sonra Ermənistan silahlı qüvvələrinin istifadə etdikləri Serbiya istehsalı minaatanlar da, bu məsuliyyətsizliyin və etikadan kənar çirkin siyasətin bariz nümunəsi oldu. Çünki özünü Azərbaycanın müttəfiqi adlandıran və rəsmi Bakıdan maliyyə məsələlərindən tutmuş ərazi bütövlüyü məsələsinə qədər dəstək alan Belqraddakı siyasətçilər ən azı öz milli maraqlarını düşünərək işğalçı dövləti silahlandırmamalı idilər.
İki ölkə mediasında geniş müzakirələrin getməsindən, Serbiyanın Azərbaycandakı səfirinin XİN-ə çağırılmasından bir neçə həftə sonra Belqradın siyasi kuluarlarında etdikləri səhvin ciddiliyini başa düşdülər. Avqustun 7-də Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edərək Tovuzdakı hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirdi. O, bu vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd etdi.
Həmin telefon danışığından 4 gün sonra, avqustun 11-də Serbiya Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviçin Bakıya səfəri baş tutdu. Bu səfər Azərbaycanın Serbiyaya silahla bağlı müraciətindən sonraya təsadüf edir.
Səfər zamanı Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonağı qəbul ediblər.
Görüşdə Azərbaycan-Serbiya münasibətlərinin hazırkı vəziyyəti müzakirə olunaraq ölkələrimiz arasında siyasi və təhlükəsizlik sahələri daxil olmaqla müxtəlif istiqamətlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə və bu xüsusda gələcək birgə addımlara dair ətraflı fikir mübadiləsi aparıldı. Dövlət başçılarının müntəzəm siyasi dialoqu və dostluq əlaqələri xüsusilə qeyd olunaraq ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu vurğulanmış oldu.
Etiraf edək ki, səfərin məqsədi və səfər zamanı müzakirə edilən ən əsas məsələ heç də mətbuat üçün hazırlanan açıqlamalar deyildi. Elə diplomatiyanın xüsusiyyəti də budur. Ən vacib məsələlər bağlı qapılar arxasında müzakirə olunur. Görüşlərdə müzakirə olunan əsas mövzu Serbiyanın işğalçı Ermənistana silah satması və həmin silahların düşmənin Tovuza hücumu zamanı istifadə etməsi idi.
İlk baxışdan Ermənistana silah satışı ilə bağlı Azərbaycanın hansısa üçüncü dövlətə etirazı, Serbiya və ya regiondan uzaqda yerləşən bir çox dövlət üçün qəribə səslənsə də (yada salaq: silah satışı məsələsi ictimailəşəndən sonra Serbiya prezidentinin çıxışını və etirafını), əslində, burada təəccüblü heç nə yoxdur. Çünki işğalçı, beynəlxalq hüququ pozan münaqişə tərəfinə silah satmaq və onunla hərbi sahədə əməkdaşlıq beynəlxalq hüquqa hörmətsizliklə yanaşı, həm də işğalçını şirnikləşdirmək deməkdir. Rəsmi Belqrad bu məsələdə xüsusilə bugünkü Azərbaycan-Serbiya münasibətlərini nəzərə almalı idi.
Çünki son illər ərzində hər iki dövlət arasında münasibətlər yeni mərhələyə qədəm qoymuşdu. Kosova məsələsində Azərbaycan daim Serbiyanın yanında olub. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir. Azərbaycan və Serbiya arasında 2013-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, Serbiya Prezidentinin 2018-ci ilin mayında Azərbaycana səfəri zamanı imzalanmış Strateji Əməkdaşlığa dair Birgə Fəaliyyət Planı, eyni zamanda mütəmadi olaraq Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya iclasları - əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynayır.
Son illər iki ölkə arasında infrastruktur, energetika, sənaye, nəqliyyat-tranzit, İKT və digər sahələrdə münasibətlər inkişaf etməkdədir. Təbii ki, son zamanlar Azərbaycan tərəfindən Serbiyaya milyonlarla dollarlıq investisiya yatırımları və müxtəlif sahələrdə münasibətlərin inkişafı haqqında danışarkən həm də qloballaşan dünyada əsas iqtisadi sahələrdən biri energetika sahəsinə diqqət yetirməliyik. Söhbət xüsusilə bir neçə ay sonra işə başlayacaq Cənub Qaz Dəhlizinin TAP layihəsindən gedir. Bu dəhlizin əsas seqmenti sayılan TAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq. Bu layihə eyni zamanda Serbiya, Bosniya və Herseqovina, Monteneqro, Bolqarıstan kimi dövlətlərin marağına da cavab verir. Avropaya qaz ixracatında ilk yeri tutan və geoiqtisadi layihələrə həssaslıqla yanaşan Rusiyanın Serbiya ilə strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlərini nəzərə alsaq, Belqrad tərəfindən Azərbaycan qazının Avropaya nəql olunmasında tutduğu mövqe də hər halda göründüyü kimi, asanlıqla qəbul edilməməkdədir. Bəzi məlumatlara görə, Serbiya Azərbaycan təbii qazını 2023-cü ildə Bolqarıstan vasitəsilə almağı nəzərdə tutur. Əgər yaxın illər ərzində Cənub Qaz Dəhlizinin Balkanlarda şaxələndirilməsi baş tutarsa, region dövlətləri Azərbaycan qazının alıcısına çevrilə bilərlər. Qeyd etmək lazımdır ki, artıq İon-Adriatik qaz boru kəməri layihəsinin gələcəkdə tikintisi üzrə Anlaşma Memorandumu imzalanıb.
Eyni zamanda hər iki dövlət arasında turizm, tikinti, kənd təsərrüfatı sahəsində də münasibətlər artan xətt üzrə inkişaf etməkdədir.
Beləliklə, iki ölkə arasında yuxarıda sadalanan artan xətt üzrə siyasi, iqtisadi sahələrdə inkişafın olduğu bir vaxtda ərazi bütövlüyü pozulmuş Serbiyanın işğalçı Ermənistana silah satması doğrudan da məntiqsiz addım idi. Görünən odur ki, Serbiyadakı bəzi silah ticarətindəki “baronlar” Ermənistana silah sataraq həm şəxsi merkantil maraqlarını ümumdövlət maraqlarından üstün tutmuş, həm də Azərbaycan-Serbiya münasibətlərinə xələl gətirmək istəmişlər. Lakin Serbiyadakı yüksək siyasi dairələrdəki narahatlıq ümid yaradır ki, bu “silah alveri” bir daha təkrarlanmayacaq.
Zaur Məmmədov
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, s.e.n, Bakı Politoloqlar Klubunun sədri