“ABŞ-ın Qarabağa yardımı azərbaycanlılara da şamil edilməlidir”
19 iyul 2011 15:59 (UTC +04:00)

“ABŞ-ın Qarabağa yardımı azərbaycanlılara da şamil edilməlidir”

İyulun 20-də ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində 2012-ci maliyyə ili üçün xarici əlaqələr üzrə sanksiyalaşdırma aktı ilə bağlı dinləmələr keçiriləcək. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, bu qanun ABŞ Dövlət Departamentinin müvafiq proqramlarını, Sülh Korpusu və təhlükəsizliklə bağlı yardımın miqdarını müəyyənləşdirir.

ABŞ-da yaşayan azərbaycanlılar və türklər bununla bağlı kampaniyaya start veriblər. Onlar qeyd edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin qurbanlarına edilən istənilən yardım azərbaycanlı qurbanlara da şamil edilməli, Ermənistana yardımın miqdarına isə yenidən baxılmalıdır.

“ABŞ Konqresi 1992-ci ildən Dağlıq Qarabağ münaqişəsi qurbanlarının humanitar ehtiyaclarını qarşılamaq üçün yardım ayırır. Amerikada yaşayan ermənilərin təzyiqi altında Dövlət, Xarici Əməliyyatlar və Əlaqədar Proqramlara Təxsisatlar üzrə qanun layihəsinə edilmiş dəyişikliklərə əsasən, 2005-ci ildən etibarən yalnız Dağlıq Qarabağın erməni icmasına yardım edilir. Münaqişə nəticəsində bu bölgədən qovulmuş 600 mindən çox azərbaycanlı isə ABŞ-ın yardımdan məhrum edilib”, - deyə diaspor üzvlərinin konqresmenlərə ünvanladıqları məktubda deyilir.

Müraciət müəllifləri bildirirlər ki, son altı ildə Dağlıq Qarabağın erməni icmasına yardımlar heç bir əsas olmadan 3 milyon dollardan 8 milyona qaldırılıb: “ABŞ-ın Ermənistana yardımı ilə bağlı ekspansionist siyasət Cənubi Qafqazda inkişafa və sülhə əsas əngəldir. 1993-cü ildən bəri BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinə zidd olaraq, Ermənistan Silahlı Qüvvələri Azərbaycan torpaqlarının 1/5-ni işğal altında saxlayır, yüz minlərlə azərbaycanlı öz evinə qayıda bilmir”.

Müraciətdə qeyd olunur ki, Ermənistanın işğalçı siyasəti genişlənərək ABŞ-ın maraqlarını şübhə altına alır: “ABŞ-ın Ermənistandakı səfirliyindən verilən məlumata görə, 2003-cü ildə Ermənistanın o vaxtkı müdafiə naziri, indiki prezident Serj Sarkisyanın şəxsi nəzarəti altında Ermənistan hökuməti İrana 1000 RPG-22M raketi və 260 pulemyot satıb. Sonradan bu silahlar İranın dəstəklədiyi “Hizbullah” qüvvələri tərəfindən İraqda istifadə olunub, bunun nəticəsində 2008-ci il yanvarın 31-də amerikalı hərbçi, serjant Metyu Stroter (Matthew Straughter) öldürülüb. Ermənistan hökuməti bu məsələ ilə bağlı heç bir addım atmayıb, rəsmi olaraq üzr istəməyib, öldürülmüş amerikalı hərbçinin ailəsinə Ermənistan hökuməti tərəfindən heç bir kompensasiya ödənilməyib”.

Məktubda ABŞ-da zəif iqtisadi artımın müşahidə olunduğu, ölkənin 14 trilyon dollar borcunun yarandığı bir vaxtda ABŞ-ın Ermənistana və Dağlıq Qarabağın erməni icmasına yardımı artırmasının əsassız olduğu vurğulanır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528

Oxşar yazılar