Ümid Partiyasının təmsilçisi Müsavatın tərəfini tutdu
16 noyabr 2009 17:00 (UTC +04:00)

Ümid Partiyasının təmsilçisi Müsavatın tərəfini tutdu

MSK-nın iclasında Müsavat Partiyasının müraciətləri təmin olunmadı

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Lent.az-ın məlumatına görə, əvvəlcə MSK-nın 9 noyabr 2009-cu il tarixli protokolu təsdiqlənib.

Daha sonra dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Kommunist Partiyasının (AKP) səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. AKP-nin 1 nəfər səlahiyyətli və 1 nəfər maliyyə məsələləri üzrə nümayəndəsi qeydə alınıb.

Gündəlikdə duran növbəti məsələ bəzi dairə seçki komissiyalarının (DSK) tərkibində dəyişiklik edilməsilə bağlı olub. 11 saylı Qaradağ və 30 saylı Xətai birinci DSK-ların üzvləri bələdiyyə seçkilərinə qatıldığından öz xahişlərilə DSK üzvlüyündən kənarlaşıb. 31 saylı ikinci DSK-nın üzvlərindən birinin isə qohumu bələdiyyə seçkisinə qatıldığından müvəqqəti olaraq öz istəyilə DSK üzvlüyündən çıxıb.

Daha sonra Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının MSK-ya etdiyi müraciətlərinə baxılıb.

MSK katibi Natiq Məmmədov şikayət barədə məlumat verərək deyib ki, G.Aslanlı bildirib ki, müraciətində İsmayıllı rayonunun Tircan bələdiyyəsinə Müsavat Partiyasının namizədi Mirzalı Abdulova qarşı təzyiqlər edildiyini bildirib. Bu təzyiqlərin nəticəsində isə o öz namizədliyini geri götürüb. Lakin N.Məmmədov şikayət üzrə araşdırma aparıldığını lakin faktın öz təsdiqini tapmadığını əlavə edib: “Namizəd özü izahatında namizədliyini öz təşəbbüsü ilə geri götürdüyünü, ona qarşı hər hansı təzyiqin edilmədiyini bildirib”.

Gülağa Aslanlının digər müraciəti Qaradağ rayonunda partiyanın 4 namizədinə qarşı edilən təzyiqlər nəticəsində onların öz namizədliklərindən imtina etməsi barədə olub. Müraciətdə bildirilib ki, namizədlərə Dərin Özüllər Zavodunun rəhbərliyi və digər şəxslər təzyiq edib. MSK üzvü Qalib Orucov bu namizədlərin hər birinin izahat yazdığını və namizədliklərindən könüllü olaraq imtina etdiklərini qeyd etdiyini deyib.

MSK-nın iclasında iştirak edən Müsavat Partiyasının Səlahiyyətli nümayəndəsi Tofiq Yaqublu isə bildirib ki, həmin namizədlərə təzyiqlər olduğu üçün onlar belə izahat yazmağa məcbur olublar: “Onları hədələyirlər, təzyiq edirlər və nəhayət “sındırırlar”. Bu ciddi şəkildə araşdırılmalı bir məsələdir”.

MSK sədri Məzahir Pənahov isə bildirib ki, əgər namizəd özü təzyiqə məruz qalmadığını bildirirsə o zaman araşdırma aparmağa ehtiyac yoxdur.

Qeyd edək ki, iclasda Müsavat Partiyasının müraciətlərinin təmin olunmamasına Ümid Partiyasından olan MSK üzvü Akif Qurbanov və MSK-da Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edən Almaz Qəhrəmanlı səs verməyib. A.Qurbanov səsverməyə çıxarılan məsələnin əleyhinə səs verib, A.Qəhrəmanlı isə bitərəf qalıb.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 431

Oxşar yazılar