“Ermənilər Madrid prinsipinə qarşıdır”
14 noyabr 2009 15:00 (UTC +04:00)

“Ermənilər Madrid prinsipinə qarşıdır”

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuranın növbəti toplantısı keçirilib. Şuradan Lent.az-a verilən məlumata görə, iclasın gündəliyinə əsasən, öncə Buxarestdə keçirilən Qara Dəniz ölkələrinin vətəndaş cəmiyyətlərinin forumunda iştirak edən İradə Bağırova səfər barədə məlumat verib. O, əvvəlcə forumun 2008-ci ildə yaradıldığını və Qara Dəniz ölkələrini əhatə edən şəbəkə formalaşdırıldığını xatırladıb. Təşkilatçılıq işinin düz qurulmaması ucbatından əsas müzakirələrdə iştirak edə bilmədiyindən təəssüflənən şura üzvü yekun müzakirələrdə çıxış etdiyini diqqətə çatdırıb: “Konfliktlərlə bağlı müzakirələr aparıldı, sülh platformasının iş üslubu ilə tanış olduq. Düzdür, konfransda Azərbaycanı bir neçə nəfər tanınmış ekspertlərimiz – Qubad İbadoğlu, Erkin Qədirli, Vüqar Bayramov və başqaları təmsil edirdi və çox maraqlı da çıxışlar etdilər, amma Qarabağla bağlı müzakirələrdə mən tək idim, Ermənistandan və Dağlıq Qarabağdan isə 5 nəfər iştirak edirdi. Müzakirələrdə Azərbaycanı konflikt zonası kimi göstərməmişdilər. Mən buna etiraz etdim və bildirdim ki, münaqişə bizim ərazimizdə getdiyi üçün konflikt zona biz hesab olunuruq. Yekun sənəddə bunun əks olunacağını bildirdilər”.

İ.Bağırova onu da qeyd edib ki, sonuncu gün Azərbaycanın Rumıniyadakı səfirliyində görüş keçirilib və orada müzakirələr barədə məlumat verilib.

Sonra politoloq Zərdüşt Əlizadə azərbaycanlıların və ermənilərin Moskva görüşü barədə məlumat verib. Politoloq bildirib ki, “İnternational Alert” təşkilatı tərəfindən təşkil olunmuş görüşdə sülhpərvərlik, Qarabağ münaqişəsinin həllinə mane olan səbəblər müzakirə mövzusu olub: “Ermənilər Madrid prinsiplərindən qorxurlar. Onlar hesab edirlər ki, bu prinsiplər Azərbaycanın xeyrinədir. Buna görə də maraqlı idilər ki, öz təkliflərini qəbul etdirsinlər. Təbii ki, aramızda müəyyən fikir toqquşmaları oldu. Amma ümumilikdə görüş normal keçdi”.

Rasim Musabəyov da hesab edib ki, erməni tərəfi Madrid prinsiplərinə, Minsk qrupunun fəaliyyətinə qarşı çıxsalar da, görüş gözlənilən kontekstdə keçməyib.

Görüş barədə məlumat verən Arzu Abdullayeva isə bildirib ki, ermənilər toplantıda Dağlıq Qarabağ nümayəndələrinin tərəf kimi iştirakını tələb etsələr də, Azərbaycan tərəfi buna qarşı çıxıb: “Ermənilər dedilər ki, Qarabağsız heç bir danışıq ola bilməz. Biz bildirdik ki, əgər Qarabağın azərbaycanlı icması da qatılırsa, buna etiraz etmirik”.

Sonda R.Musabəyov “Müstəqil ekspertlərin və vətəndaş cəmiyyəti liderlərinin Qarabağ konflikti ilə bağlı rəyləri” adlı siyasi təhlili barədə məruzə edib.

Sənəd əlavələr və tövsiyələr üçün Şura üzvlərinin ixtiyarına verilib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 414

Oxşar yazılar