Millət vəkili Aydın Həsənov: “Növbəti parlament seçkiləri keçirilməsin”
13 noyabr 2009 14:30 (UTC +04:00)

Millət vəkili Aydın Həsənov: “Növbəti parlament seçkiləri keçirilməsin”

“Seçkiyə ayıracağımız pulları isə burada danışdığımız lazımi məsələlərə xərcləyək”

“Təklif edirəm ki, növbəti parlament seçkiləri keçirilməsin”. Lent.az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında millət vəkili Aydın Həsənov deyib. O, fikrini parlament seçkilərinə xərclənən vəsaitə qənaət olunması ilə əsaslandırıb: “Biz dolanmağa bir manat tapmırıq, ancaq seçkidə o qədər pul xərclənir. Seçkidə minlərlə müşahidəçi gələcək, o qədər xərcdir. Hərəsi də bizim haqqımızda bir rəy verəcək. Konstitusiyaya dəyişiklik edildi, başqa qanunlarımıza əlavə və dəyişiklik edildi. Mən təklif edirəm ki, müharibə şəraitində olan bir dövlət kimi Qarabağ məsələsi həll olunana qədər parlament seçkilərini təxirə salaq, seçkiyə ayıracağımız pulları isə burada (parlamentin iclasında – Lent.az) danışdığımız lazımi məsələlərə xərcləyək. Hazırda parlamentdə oturan millət vəkilləri xalqımızın ən ləyaqətli övladlarıdır. Əlavə seçimlərə nə ehtiyac var? Xahiş edirəm, müzakirələri dayandıraq və mənim qaldırdığım məsələyə səs verək”.

Parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov A.Həsənovun xalqın ləyaqətli övladı kimi ona hörmətinin olduğunu deyərək, aidiyyatı məsələ üzrə danışmağı xahiş edib.


Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 433

Oxşar yazılar