“Qarabağ problemi həll olmadan Qafqazda sülh mümkün deyil”
05 noyabr 2009 11:15 (UTC +04:00)

“Qarabağ problemi həll olmadan Qafqazda sülh mümkün deyil”

Gəncədə ABŞ səfirliyi nümayəndəsinin iştirakı ilə mətbuat konfransı keçirilib

Bu gün Gəncədə ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidsonun iştirakı ilə mətbuat konfransı keçirilib.

Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, İcma Məlumat Mərkəzində təşkil olunan mətbuat konfransında diplomat jurnalistlərə Gəncəyə səfərinin detalları barədə məlumat verib. Terri Devidsonun sözlərinə görə, onun gəlişində əsas məqsəd Amerika və Azərbaycan xalqları arasında münasibətləri daha da yaxşılaşdırmaqdır. Diplomat yarısında Azərbaycan Dövlət Aqrar Universitetində olduğunu və burada professor-müəllim heyəti ilə görüşdüyünü, təhsil sahəsində iki ölkə arasında əlaqələrin güclənməsi üçün söhbət apardığını, şəhərin Mərkəzi kitabxanasında Amerika guşəsi ilə tanış olduğunu, kitabxanaya kompüterlər hədiyyə edildiyini qeyd edib.

Amerika və Azərbaycan əməkdaşlığının xüsusən 3 mərhələdə inkişaf etdiyini önə çəkən Terri Devidson təhlükəsizlik, neft və qaz sahəsində uğurlu işbirliyinin mövcud olduğunu bildirib. ABŞ səfirliyinin rəsmisi Qarabağ probleminin həll edilməsi yönümündə Amerika hökumətinin üzərinə öhdəlik götürdüyünü və münaqişənin tez bir zamanda həllinə çalışıldığını da xüsusi vurğulayıb.

«Minsk qrupu son 6 ayda Qarabağ məsələsinin həllində daha da aktivlik nümayiş etdirir. Prezidentlərin və nazirlərin görüşünün təşkili, bir araya gəlmələri problemin həll olunacağına ümid verir. ABŞ Dövlət Departamenti Qarabağ məsələsini yaxından izləyir və qəbul edir ki, problem həll olmadan Qafqazda sülh əldə etmək mümkün deyil” - deyə Terri Devidson bildirib.

Amerikalı diplomat “907-ci düzəliş niyə ləğv edilmir” sualından sonra, 2001-ci ildən bu düzəlişin demək olar ki, qüvvədən düşdüyünü, Amerika ilə Azərbaycan arasında sıx münasibətlərin olduğunu xatırladıb.

«Konqresdə 907-ci düzəliş bir daha müzakirə olunacaq. Müzakirələr zamanı qanunun lehinə və əleyhinə olan konqresmenlər olacaq. Təəssüf hissi ilə bildirməliyəm ki, prezidentlə konqres arasında bəzi hallarda fikirlər haçalaşır» - deyə diplomat bildirib.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 394

Oxşar yazılar