MSK Müsavatın səlahiyyətli nümayəndələrini təsdiqlədi
03 noyabr 2009 16:30 (UTC +04:00)

MSK Müsavatın səlahiyyətli nümayəndələrini təsdiqlədi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Lent.az-ın xəbərinə görə, əvvəlcə MSK-nın 27 oktyabr 2009-cu il tarixli iclas protokolu təsdiqlənib.

Daha sonra dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. MSK katibi Natiq Məmmədov Müsavatın təlimatda nəzərdə tutulmuş sənədlərdən çox sənəd təqdim etdiyini bildirib: “Əlavə olaraq partiya adından açıqlama verilib ki, guya MSK nümayəndələri onlardan əlavə sənədlər tələb ediblər. Mən bu məsələni araşdırdım və onlardan heç bir əlavə sənəd tələb olunmayıb. Onların mətbuatda yaydıqları məlumatlarda belə anlaşılır ki, biz bu partiyanın nümayəndələrinin qeydə alınmasını istəmirik. Əksinə, biz heç kimə maneçilik yaratmırıq, onlara yardım etməyə çalışırıq”.

İclasda iştirak edən Müsavat Partiyasının Seçki Qərargahının rəhbəri Gülağa Aslanlı isə bildirib ki, əlavə sənədləri MSK-nın ümumi şöbəsi tələb edib.

Müzakirələrdən sonra Müsavat Partiyasının 28 səlahiyyətli, 1 maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təsdiq edilib.

İclasda həmçinin Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) 1 səlahiyyətli, 1 maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təsdiq olunub.

Sonda bəzi dairə seçki komissiyalarının (DSK) tərkibinə dəyişiklik edilib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1078

Oxşar yazılar