Nalbandyan Türkiyəni hədələdi
02 noyabr 2009 11:30 (UTC +04:00)

Nalbandyan Türkiyəni hədələdi

“Türkiyə-Ermənistan danışıqları fevralın əvvəlində başa çatıb, sərhədləri açmayacaqdıqsa, protokolları niyə imzalayırdıq?”


Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının İrəvanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində güzəştə getməsindən asılı olmadığını növbəti dəfə bəyanlayıb.


Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Edvard Nalbandyan Türkiyə rəsmilərinin bu yöndə verdikləri bəyanatları təkzib edib, Ankara və İrəvan arasındakı danışıqların artıq başa çatdığını, tərəflərin üzərlərinə öhdəliklər götürdüyünü söyləyib.


Ermənistanın xarici işlər naziri deyib ki, bu öhdəliklər iki ölkə arasında diplomatik əlaqələrin qurulması və sərhədlərin açılmasını özündə ehtiva edir: “Əgər biz bu öhdəlikləri yerinə yetirməyəcəkdiksə, diplomatik əlaqələr qurub, sərhədləri açmayacaqdıqsa, bu protokolları niyə imzalayırdıq? Beynəlxalq ictimaiyyət də bu protokolların tezliklə ratifikasiya edilməsini və öhdəliklərin yerinə yetirilməsini gözləyir”.


Edvard Nalbandyan Türkiyəni hədələməkdən də çəkinməyib: “Əgər tərəflərdən biri protokolların ratifikasiyasına və yerinə yetirilməsinə əngəl yaradarsa, bütün neqativ nəticələrə görə cavabdehliyi öz üzərinə götürməlidir. Türkiyə və Ermənistan arasında danışıqlar bu ilin fevralında başa çatıb. Bir daha vurğulayıram ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi iki ayrı prosesdir”.

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqların davam etdiyini deyən Edvard Nalbandyan 1 ay ərzində, yaxud konkret zaman dilimində münaqişənin həll ediləcəyi ilə bağlı proqnoz verməyin də yanlış olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 360

Oxşar yazılar