Fələstinli nazir Bakıya məktubla gəlib
29 oktyabr 2009 14:15 (UTC +04:00)

Fələstinli nazir Bakıya məktubla gəlib

“Hər iki ölkə təxminən eyni problemlə üzləşib”

Bakıda səfərdə olan Fələstin Muxtariyyətinin xarici işlər naziri Riyad Əl-Maliki bu gün azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.


Görüşdən sonra nazirlər mətbuat konfransı keçirib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycanın Fələstinlə bağlı mövqeyi birmənalıdır. O deyib ki, Azərbaycan Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. Görüşdə həmkarına Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verən E.Məmmədyarov Azərbaycan və Fələstin arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin müzakirə olunduğunu da deyib.


İki ölkə elm və təhsil də daxil olmaqla digər sahələrdə əməkdaşlıq edəcək.


Fələstin Muxtariyyətinin xarici işlər naziri Riyad Əl-Maliki Azərbaycanın Fələstinlə bağlı sabit mövqeyinə və beynəlxalq səviyyədə dəstəyinə görə təşəkkürünü bildirib: “BMT Azərbaycan bağlı 4, Fələstinlə bağlı 100-dən artıq qətnamə qəbul edib. Hər iki ölkə təxminən eyni problemlə üzləşib. Bu səbəbdən də gərək hər iki ölkə beynəlxalq təşkilatlar səviyyəsində bir-birinin mövqeyini müdafiə etsin”.

Riyad Əl-Maliki oktyabrın 30-da Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyini, Fələstin prezidenti Mahmud Abbasın göndərdiyi məktubunu ona çatdıracağını bildirib.

Fələstinli nazir Bakıya səfəri çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovla da görüşəcək.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 360

Oxşar yazılar