Elmar Məmmədyarov həmsədrlərlə görüşüb
27 oktyabr 2009 18:00 (UTC +04:00)

Elmar Məmmədyarov həmsədrlərlə görüşüb

Xarici işlər naziri lüksemburqlu və fransalı həmkarlarıyla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıyla bağlı müzakirə aparıb



Oktyabrın 26-da Lüksemburqda Avropa Birliyi Şurası Prezidentliyi, Avropa Komissiyasının nümayəndələri, həmçinin Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Şurasının 10-cu iclasında iştirak etmək məqsədilə Lüksemburqa səfər edən xarici işlər naziri Elmar Məmmədyarov səfər çərçivəsində dünən ATƏT-in Minsk qrupunun həmsədrləri ilə də görüş keçirib.

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi də görüşdə iştirak edib. Görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyov görüşü, danışıqların hazırkı mərhələsi və həmsədrlərin regiona növbəti səfəri mövzuları müzakirə olunub.

Səfər çərçivəsində Elmar Məmmədyarov Lüksemburqun Deputatlar Palatasının sədri Laurent Mosar ilə də görüşüb, tərəflər Azərbaycan-Lüksemburq əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar. Elmar Məmmədyarov və Laurent Mosar iki ölkə arasında münasibətlərin dinamik şəkildə inkişafından, xidmətlər, xüsusilə də, maliyyə-bank və nəqliyyat sahələrində uğurlu əməkdaşlıq nümunələrindən məmnunluqlarını dilə gətiriblər.

Təmasların daha da genişləndirilməsi üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsi, ölkələrin mövcud iqtisadi imkanlarından daha səmərəli istifadə edilməsi, habelə mədəniyyətlərin qarşılıqlı təşviqi üçün müxtəlif tədbirlərin keçirilməsi məqsədəuyğun sayılıb. Tərəflər iki ölkə arasında parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin və bu istiqamətdə qarşılıqlı səfərlərin təşkilinin də vacibliyini vurğulayıblar. Görüşdə Azərbaycan-Avropa Birliyi əməkdaşlığı, habelə regional vəziyyət, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında da fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun son görüşü Fransanın Xarici işlər naziri Bernar Kuşner ilə olub. Görüşdə Azərbaycan-Fransa əməkdaşlığının cari vəziyyəti və inkişaf perspektivləri, regional vəziyyət, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 398

Oxşar yazılar