BAXCP-dən savaş çağırışı
26 oktyabr 2009 15:00 (UTC +04:00)

BAXCP-dən savaş çağırışı

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.


Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət, təşkilati və cari məsələlər müzakirə olunub. İdarə Heyətinin müzakirəsinə çıxarılan ilk məsələ, Türkiyənin mövcud hakimiyyətinin apardığı siyasət nəticəsində PKK terrorçularının separatçı ideyalarını daha sərbəst şəkildə yaymaq imkanı əldə etmələri və buna qarşı qardaş türk xalqının etirazı ilə bağlı olub.


BAXCP İdarə Heyəti hesab edir ki, qardaş Türkiyədə PKK terrorçularının zəfər yürüşündən qayıdan "mehmetciklər" kimi qarşılanması baş verənlərin terrorçuların öz məqsədlərinə çatması kimi qavranılmasına əsas verə bilər: "Terrorçuluğu stimullaşdıracaq bu addımların gələcəkdə daha böyük qanlı toqquşmalara yol açacağından ciddi narahatlıq keçirərək, bölgədə terrorçu separatizmi ruhlandıracaq bu addımlara qarşı bütün sivil dünyanı etiraz etməyə çağırırıq".


BAXCP İdarə Heyətinin müzakirə etdiyi növbəti məsələ isə Türkiyə ilə Ermənistan arasında münasibətlərin bərpası və inkişafı ilə əlaqədar protokolların imzalanmasından sonra bölgədə yaranmış təhlükəli vəziyyətlə bağlı olub. Bununla bağlı partiyanın bəyanatı qəbul edilib. Bəyanatda deyilir: "BAXCP İdarə Heyəti Türkiyə ilə Ermənistan arasında imzalanmış protokollardan sonra bölgədə yaranmış vəziyyəti, o cümlədən, İranın nüvə proqramı ilə bağlı aparılan danışıqların gedişini müzakirə edərək bunları bəyan edir: dünyanın super gücü ABŞ-ın Yaxın Şərq və Cənubi Qafqaz siyasəti beynəlxalq hüquqa zidd olmaqla, dünya birliyinin aldadılmasına və bölgənin qana batmasına xidmət edir.


Belə ki, Birləşmiş Ştatlar beynəlxalq ictimaiyyəti İraqın kütləvi qırğın silahı hazırlaması barədə yanlış məlumatlarla aldadaraq həmin ölkəyə təcavüz etməsinə haqq qazandırmağa çalışıb, hərbi cinayətlər törətməklə bu ölkəni tamamilə dağıdıb, milyondan artıq dinc sakinin ölümünə səbəb olub, bundan üç dəfə artıq insanı isə şikəst edib. Bu işğalın nəticəsi olaraq, bu gün də dinc insanların qətlə yetirilməsi davam etməkdədir. Bu cinayətin davamı kimi ABŞ Azərbaycanın 20 faiz torpağını işğal etmiş, bir milyon insanı didərgin salmış, onminlərlə qocanı, uşağı, qadını qətlə yetirmiş, Xocalı soyqırımını törətmiş Ermənistana maddi və siyasi dəstək verib. Beləliklə də Rusiyanın hərbi dəstəyilə həyata keçirilmiş işğalın hüquqi müstəvidə yekunlaşdırılmasına cəhd göstərib. Bu azmış kimi, işğal faktına görə Ermənistanla sərhədlərini bağlamış Türkiyəni öz mövqeyindən geri çəkilərək Ermənistanla protokol imzalamağa məcbur edən əsas dövlət olub.


BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad olunmasına dair qətnamələrinə əhəmiyyət verməyə Ermənistanla sərhədlərin açılmasını və diplomatik əlaqələrin qurulmasını problemin həllinə xidmət edəcəyini bildirən ABŞ nədənsə onun və bəzi ölkələrin nüvə proqramının dayandırılmasına dair çağırışlarına müsbət cavab verməyə İranla tamamilə fərqli davranın, hər dəfə yeni sanksiyaların tətbiq ediləcəyi ilə bu ölkəni hədələyir.


BAXCP hesab edir ki, ABŞ ikiüzlü siyasət yürütməməli, Ermənistanla olduğu kimi İranla da heç bir ilkin şərt irəli sürmədən diplomatik əlaqələr qurmalı, bu dövlətə də maddi və siyasi dəstək verməli, yeni texnologiyalarla təmin etməklə geniş ticarət əlaqələri qurmalı və yedəyində sürünən başqa ölkələri də bu cür davranmağa sövq etməlidir. Yalnız bu cür yanaşma məhz ABŞ-ın məntiqilə problemin həllinə kömək edə bilər. Əks halda iki qonşu dövlətə - İran və Ermənistana fərqli yanaşma ABŞ-ın nə dərəcədə riyakar siyasət yürütdüyünü bir daha təsdiq edəcək, azsaylı xalqların və qürurlu insanların bu ölkəyə olan nifrətini ölçüsüz səviyyəyə çatdıracaq.


BAXCP Azərbaycan hökumətini ABŞ-ın siyasətinin əsil mahiyyətini xalqımıza və bütün dünya birliyinə çatdırmağa, Azərbaycanın ərazi bütövlüyünə qarşı bütün təzyiqləri qətiyyətlə rədd etməyə çağırır. Azərbaycan xalqı qısa müddətdə öz torpaqlarının azadlığı uğrunda müqəddəs savaşa hazırlanmalı, dünya birliyi və İslam dünyası bu barədə məlumatlandırılmalı, onlardan kömək istənilməlidir".
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 352

Oxşar yazılar