“Təzadlar” qəzetinin adı “qara siyahı”ya salındı
23 oktyabr 2009 17:00 (UTC +04:00)

“Təzadlar” qəzetinin adı “qara siyahı”ya salındı

3 qəzet isə “reket nəşr” elan olunub

Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin növbəti iclası keçirilib. MŞ-dan Lent.az-a verilən məlumata görə, Şura sədri Əflatun Amaşov tədbirin gündəliyini təqdim edib.

2010-cu ilin iyulunda milli mətbuatımızın 135 ili tamam olur. Mətbuat Şurası bu əlamətdar hadisənin yüksək səviyyədə qarşılanması üçün tədbirlər planı hazırlayıb. Plana əsasən hər ay medianın aktual problemlərinə dair “dəyirmi masa” və konfransların təşkili, həmçinin prosesə gələn ilin iyununda baş tutması planlaşdırılan ümumrespublika elmi-praktik konfransı ilə yekun vurulması nəzərdə tutulur. İdarə Heyəti üzvləri planı bir sıra əlavələrlə qəbul ediblər.

Gündəlikdə duran növbəti məsələ ilə əlaqədar KİV-lərə Dövlət Dəstəyi Fondunun icraçı direktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Səfərlinin məlumatı dinlənilib. İcraçı direktor bildirib ki, Fond əsasən bu ilin iyun ayından fəaliyyətdədir. Fondun elan etdiyi 12 istiqamət üzrə müsabiqəyə 112 layihə təqdim edilmişdi. Qalib 55 təşkilata ümumilikdə 550 min manat vəsait ayrılıb. Bundan əvvəl Milli Mətbuat Günündə 39 KİV-ə 400 min manata yaxın birdəfəlik maliyyə yardımının ayrıldığını bildirən V.Səfərli bu yaxınlarda daha 4 istiqamət üzrə müsabiqə qaliblərinin müəyyənləşdirildiyini nəzərə çatdırıb. O, həmin istiqamətlər üzrə layihələrin mili mətbuatımızın prioritet sahələrinə yönəldiyini vurğulayıb. Fondun Müşahidə Şurasının sədri, MŞ sədrinin müavini Umud Rəhimoğlu da çıxışında təmsil olunduğu qurumun digər fəaliyyət istiqamətləri barədə söhbət açıb.
Hər iki hesabat MŞ İdarə Heyəti üzvləri tərəfindən müsbət qiymətləndirilib.

Sonra Azərbaycan Mətbuat Şurası sıralarına bir sıra nəşrlərin qəbulu ilə bağlı məsələyə baxıldı. Şuraya bununla bağlı ərizə təqdim edən KİV-lərin rəhbərləri ilə prosedur qaydada söhbətlər aparılıb, onlara tövsiyələr verilib. MŞ İdarə Heyəti “Cəmiyyət və din”, “Hürriyyət”, “Poliqlot”, “Sabaha inamla”, “Difai” qəzetlərinin, “Riyad media” İnformasiya Agentliyinin Şura sıralarına qəbul olunması barədə qərarlar qəbul edib.

İclasda bildirilib ki, Azərbaycan Mətbuat Şurasının “Reket nəşr”lərin müəyyənləşdirilməsinə dair Təlimat”ı hazırlanarkən sənəddə yalnız bu tip adlandırılmaya əsas verən cəhətlər əksini tapıb. “Reket” adlandırılma ictimai qınağa söykəndiyindən və daha çox tərbiyəvi səciyyə daşıdığından həmin tədbirin nəticələri də maraq kəsb edir. Təlimatda isə bunun üçün əsas götürüləcək vasitələr nəzərdə tutulmayıb. MŞ İdarə Heyəti mövcud zərurəti nəzərə alaraq Şura Katibliyi qarşısında sənədə əlavələrin olunması ilə əlaqədar qərar layihəsi hazırlamaq tapşırığını vermişdi. Həmin layihənin hazırlandığını vurğulayan MŞ sədri Ə.Amaşov sənədin məğzində “reket nəşr” adlandırılmış KİV-in üzərindən bu adın götürülməsi qaydalarını müəyyənləşdirdiyinin dayandığını bildirdi. Layihə müzakirə edilərək qəbul olunub.

Təlimata əlavələrə görə, “reket nəşr” elan olunmuş KİV-lərin üzərində həmin adın götürülməsi proseduruna bu barədə qərarın qəbulundan bir il sonra baxılması nəzərdə tutulur. Qaydaya əsasən il ərzində Şuraya “reket nəşr” elan olunmuş KİV haqqında əsaslı şikayət və müraciətlər daxil olmamalıdır. “Qara siyahı”ya düşən mətbuat orqanı MŞ-yə müraciət ünvanlamalı, bir il ərzində çıxan saylarını Şuranın monitorinq qrupuna təqdim etməlidir. Monitorinqdə KİV-in peşə prinsiplərinə və ölkə qanunvericiliyinin tələblərinə necə riayət etməsinə diqqət yetiriləcək. Bu barədə MŞ Katibliyinə təqdimat ünvanlandıqdan sonra məsələyə Şuranın İdarə Heyətində baxılaraq yekun qərar çıxarılacaq.

İclasda Şikayətlər üzrə Komissiyada baxılmış məsələlərlə bağlı çıxarılmış rəylər əsasında yekun qərarlar qəbul olunub.

Həmçinin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının təqdimatı da nəzərdən keçirildi. Müzakirələrdən sonra “Xəbər xətti”, “Hüquq və ittiham”, “Qanun və nəzarət” qəzetləri “reket nəşr”lər elan olunub. “Azərbaycan dünyası brifinq” qəzetinə MŞ adından xəbərdarlıq edilməsi məqbul sayılıb.

“Təzadlar” qəzetinə gəlincə, çıxışlarda bildirilib ki, nəşrin fəaliyyətində həqiqətən mətbu “reketçilik” əlamətləri mövcuddur. Şurada hesab edirlər ki, “Təzadlar” MŞ-nin əvvəlki xəbərdarlığına məhəl qoymayıb. Qəzetin müxtəlif saylarında Şuranın İdarə Heyətinin qərarı olmadan qurumun Şikayətlər üzrə Komissiyasının “Təzadlar” haqqında çıxardığı sonuncu rəyin əsassız sayılması barədə bildirişlər dərc edilib. Nəşr komissiyanın bu rəyində əksini tapan tələbləri də yerinə yetirməyib. Həmçinin komissiyanın iclasından keçən bir ayda Şuraya qəzet barədə yeni şikayətlər də daxil olub. Bütün bunlar qəzetə bir daha güzəşt edilməsini mümkünsüzləşdirir.

Müzakirələrdən sonra “Təzadlar” qəzetinin adının “qara siyahı”ya salınması barədə təklif səsə qoyuldu və 8 nəfər lehinə, 3 nəfər əleyhinə, 1 nəfər bitərəf olmaqla qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516

Oxşar yazılar