ALDP seçkiyə 1000 namizədlə gedir
16 oktyabr 2009 16:00 (UTC +04:00)

ALDP seçkiyə 1000 namizədlə gedir

Partiya qaçqın və məcburi köçkünlərin bələdiyyə seçkilərində iştirakını istəyir


Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin rəhbərliyi ilə Sədr Aparatının iclası keçirilib. Partiyadan Lent.az-a verilən məlumata görə, iclasda dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərinə hazırlıqla bağlı məsələlər müzakirə olunub.


F.Əliyev bildirib ki, bu prosesdə partiya üzvlərindən 1000 nəfər namizədliyini irəli sürmək təşəbbüsündə olub. Partiya adından isə rəhbərlikdə təmsil olunan bir neçə şəxs prosesə qoşulmaq barədə qərar verib. Artıq onların sənədləri partiya tərəfindən rəsmən təsdiqlənərək müvafiq DSK-lara təqdim etmək üçün verilib. Partiya sədri seçkilərə hazırlığın yüksək səviyyədə təşkil olunduğunu və namizədlər arasında maarifləndirmə işlərinin aparıldığını qeyd edib.


Daha sonra ALDP Mərkəzi Seçki Qərargahı (MSQ) sədri Vahid Nəzərov bu və digər məsələlərlə bağlı Sədr Aparatını məlumatlandırıb.


Digər müzakirə olunan məsələ isə MSK tərəfindən qaçqın və məcburi köçkünlərin bələdiyyə seçkilərində iştirakına qadağa qoyan qərarla bağlı olub. Fuad Əliyev qeyd edib ki, Seçki Məcəlləsində bu kimi məqamlar nəzərə alınmasa da, normativ qanunvericilik aktlarına müvafiq olaraq MSK-ya bu səlahiyyətin verilməsi və qurumun belə qərar çıxarması düzgün deyil. Eyni zamanda bu, seçicilərin və seçilmək istəyənlərin hüquqlarının pozulması deməkdir.


F.Əliyevin fikrincə, səs vermək hüququna malik on minlərlə Azərbaycan vətəndaşı olan qaçqın və məcburi köçkünün prosesdən kənarlaşdırılması seçki aktivliyinə mənfi təsir göstərə bilər: “Düzdür, MSK-nın bu qərarı onların ərazilərinin işğal altında qalması və orada yerli özünü idarəetmə orqanlarının olmaması ilə bağlıdır. Lakin onların Azərbaycan vətəndaşları olması, müvəqqəti məskunlaşdıqları yerdə qeydiyyata düşmələrini nəzərə almaq lazımdır”.


ALDP sədri onu da vurğulayıb ki, əgər məhz bu prosesdə məcburi köçkün və qaçqınların səs vermə və seçilmə hüququ əllərindən alınıbsa onda müvafiq DSK-ların saxlanması da məntiqsizdir. Onun sözlərinə görə, ötən parlament seçkilərində işğal olunmuş ərazilərdən (Cəbrayıl-Qubadlı, Xankəndi, Şuşa-Füzuli-Xocalı-Xocavənd, Kəlbəcər) millət vəkillərinin seçilməsi ilə MSK-nın məlum qərarı arasında ziddiyyət var. Müzakirələrin sonunda Sədr Aparatı qərara alıb ki, bu məsələ ilə bağlı MSK-ya müraciət ünvanlansın. Müraciətdə MSK-nın bu məsələ ilə bağlı məlum qərarına yenidən baxılması xahiş edilib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537

Oxşar yazılar