“Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımağa hazırdırsa...”
16 oktyabr 2009 11:31 (UTC +04:00)

“Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımağa hazırdırsa...”

Araz Əzimov: “Bizim də təbii olaraq eyni münasibətin Azərbaycana göstərilməsini tələb etmək hüququmuz var”


“Türkiyə-Ermənistan protokollarının imzalanması ilə bağlı Azərbaycanın rəsmi mövqeyi Xarici İşlər Nazirliyi tərəfindən cari ilin 30 avqust və 10 oktyabr tarixlərində verilmiş bəyanatlarda və Azərbaycan prezidenti, cənab İlham Əliyevin bu ilin 9 oktyabr tarixində Kişinyovda AzTV-yə verdiyi müsahibəsində ifadə olunub”.


Bu sözləri APA-ya eksklüziv açıqlamasında xarici işlər nazirinin müavini Araz Əzimov deyib.


Nazir müavini, eyni zamanda Azərbaycanın Türkiyənin Ermənistanla öz tarixi problemlərini həll etmək və münasibətləri normallaşdırmaq səylərinin vacibliyini başa düşdüyünü vurğulayıb: “Dəfələrlə qeyd etdiyimiz kimi, münasibətlərin qurulması dövlətlərin suveren hüququdur. Türkiyə Ermənistanla sərhədlərini Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına cavab olaraq bağlayıb. Müvafiq kontekstdə verilən qərar həmin kontekstdən ayrı ləğv edilə bilməz. Biz əminik ki, mövcud vəziyyətin dəyişmədiyi və ərazilərin hələ də işğal altında olduğu bir halda, Türkiyə və Ermənistan arasında sərhədlərin açılması təkcə Azərbaycan və münaqişənin həllinə deyil, eyni zamanda bütün Cənubi Qafqaz regionuna mənfi təsir edəcək.


Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etdiyi vəziyyətdə sərhədlərin Türkiyə tərəfindən açılması beynəlxalq ictimaiyyətin Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməsinə məcbur etmək, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət etmək, Dağlıq Qarabağ daxil olmaqla bütün işğal olunmuş ərazilərindən ordularının çıxarılmasına və məcburi köçkünlərin öz evlərinə qayıtması üçün lazımi şəraitin yaradılması səylərinə ciddi zərbə vuracaq. Son aylarda artıq iki dəfə gördüyümüz kimi, sərhədlərin açılması Ermənistanı münaqişənin sülh yolu ilə həlli üzrə aparılan danışıqlarda qeyri-konstruktiv mövqedə qalmağını stimullaşdıracaq. Hətta Türkiyə, Ermənistan və İsveçrə tərəfdən protokollara dair danışıqların gələcək perspektivləri barədə səsləndirdikləri tək bir bəyanat, Ermənistana Azərbaycanla danışıqlarda öz mövqeyini sərtləşdirməsinə kifayət edib”.


“Əminliklə deyə bilərik ki, sərhədlərin açılması ilə Türkiyə-Ermənistan arasında iqtisadi əməkdaşlığın başlanması Ermənistanın işğalı davam etməsinə yardım göstərəcək. Bu, nəticə etibarı ilə, azərbaycanlıların, həmçinin Dağlıq Qarabağ regionun azərbaycanlı icmasının öz torpaqlarına qayıdışını əngəlləyəcək”, - deyə A. Əzimov vurğulayıb.

Nazir müavini Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasının Ermənistanın bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxmayacağı təqdirdə region üçün müsbət nəticələr verməyəcəyini bir daha qeyd edib: “Türkiyə-Ermənistan sərhədlərinin açılması, yalnız Ermənistan ordularının Azərbaycan ərazilərindən çıxarılması və Laçın yolunun bütün tərəflərin istifadəsi üçün yenidən açılması ilə bərabər eyni zaman çərçivəsinə salındığı təqdirdə, münaqişənin həllinin elementi kimi vacib rol oynaya bilər. Bütün bunlar baş verdikdə, Türkiyə, Ermənistan və Azərbaycan iqtisadi əməkdaşlıq üçün daha əlverişli imkanlara malik ola bilər. Belə bir yanaşma münaqişənin həllinin bir hissəsi kimi regionda bütün sərhədlərin və kommunikasiyaların açılması konsepsiyasına uyğun olacaq. Əks təqdirdə, regionda sülh və təhlükəsizlik çətin ki, bərqərar olsun”.


A.Əzimov bildirib ki, Ermənistan orduları Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxmayana qədər rəsmi Bakı Ermənistanla hər hansı iqtisadı əməkdaşlığı nəzərdən keçirməyəcək: “Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımağa hazırdırsa, o zaman, bizim də təbii olaraq eyni münasibəti regionun digər dövlətlərinə, həmçinin Azərbaycana göstərilməsini tələb etmək hüququmuz var”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 428

Oxşar yazılar