ATİB Türkiyəni Ermənistanla “normallaşdırma prosesi”ni dondurmağa çağırdı
14 oktyabr 2009 15:00 (UTC +04:00)

ATİB Türkiyəni Ermənistanla “normallaşdırma prosesi”ni dondurmağa çağırdı

Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması və münasibətlərin inkişaf etdirilməsi haqqında imzalanmış protokollarla əlaqədar bəyanat yayıb. ATİB-in mətbuat xidmətindən Lent.az-a daxil olan bəyanatda təşkilatın bu məsələ ilə bağlı həssaslığını və narahatlığını Azərbaycan və Türkiyə ictimaiyyətinin, eləcə də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı vacib hesab etdiyini bildirib.

Azərbaycan Türkiyə İş Adamları Birliyi bəyan edir ki, Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli irəliləyiş əldə edilmədikcə və Ermənistanın Türkiyəyə qarşı “erməni soyqırımı” iddiasından birmənalı surətdə imtina etmədikcə Türkiyə və Ermənistan arasında “münasibətlərin normallaşdırılması” adlanan hazırkı proseslər son nəticədə yalnız Ermənistanın və onun havadarları olan bəzi üçüncü ölkələrin və dairələrin maraqlarına uyğun olacaq.

ATİB hesab edir ki, hazırkı vəziyyətdə protokolların qüvvəyə minməsi ilə atılması nəzərdə tutulan addımların həyata keçirilməsi nəticəsində, o cümlədən qeyd edilən iki ölkə arasında sərhədlərin açılması Azərbaycan və Türkiyənin birgə malik olduğu strateji üstünlüklər heçə enəcək, Azərbaycan və Türkiyə arasında siyasi, iqtisadi və sosial əlaqələrə ciddi zərbə vurulacaq.

Qurum xüsusilə qeyd etməyi vacib bilir ki, Türkiyə və Ermənistan arasında sərhədlərin açılması nəticəsində Türkiyənin iqtisadi mənfəət əldə edəcəyini söyləyən bəzi dırnaqarası ekspertlər və iş adamları ciddi spekulyasiya ilə məşğul olurlar. “Ən adi hesablamalar belə göstərir ki, Türkiyənin bu addımdan əldə edəcəyi iqtisadi mənfəət itirəcəyi iqtisadi mənfəətdən qat-qat aşağı olacaqdır. Amma bunu da qeyd etməyi lazım bilirik ki, Türkiyədə ayrı-ayrılıqda bəzi şəxslər bu addımdan doğrudan da ciddi iqtisadi mənfəət əldə edə bilərlər və onların da ciddi-cəhdlə bu məsələyə dəstək vermələrinin arxasında məhz bu durur” – deyə, bəyanatda bildirilib.

Azərbaycan Türkiyə İş Adamları Birliyi yuxarıda deyilənləri nəzərə alaraq, Türkiyə hökumətini Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycan xalqının qəbul edəcəyi həll olmadıqca, Türkiyə və Ermənistan arasında qeyd edilən “normallaşdırma prosesi”ni dondurmağa çağırır.

ATİB əsas məsuliyyət daşıyıcısı olan Türkiyə hökumətinin Azərbaycan və Türkiyə ictimaiyyətinin bu məsələdə haqlı narahatlığını diqqətə alaraq, Türkiyə rəhbərliyinin də dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanın dövlət maraqlarını əsas götürəcəyinə ümid etdiyini bildirir.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 401

Oxşar yazılar